ABŞ və Rusiya nüvə müharibəsi etsə, 5 milyard insan ölə bilər - ARAŞDIRMA
ABŞ-da aparılan araşdırmada, Rusiya ilə ABŞ arasında baş verə biləcək nüvə müharibəsi nəticəsində iki il ərzində 5 milyarddan çox insanın aclıqdan ölə biləcəyi bildirilib.
Rusiya ilə Ukrayna arasında müharibə fevralın 24-dən bəri davam edir.
1news.az Ensonhaber.com saytına istinadən xəbər verir ki, iki ölkənin müharibəsi bütün dünyaya təsir edərkən, Amerika Birləşmiş Ştatlarında (ABŞ) yeni bir araşdırma aparılıb.
Ratqers Universitetinin tədqiqatçıları kompüter simulyasiyalarından istifadə edərək ABŞ və Rusiya arasında ola biləcək nüvə müharibəsinin nəticələrini proqnozlaşdırıblar.
Alimlər aşkar ediblər ki, nüvə bombalarının törətdiyi yanğınlar atmosferin yuxarı təbəqələrinə his buraxacaq və bu, Günəş şüalarının yerə çatmasının qarşısını alacaq.
Milyarlarla insana təsir edəcək
Günəşin qarşısının kəsilməyi ilə yer üzündə məhsul yetişdirməyə böyük problemlər yaranacağını bildirən mütəxəssislər, ortaya çıxacaq qıtlıqdan milyardlarla insanın acından öləcəyini hesablayıblar.
“Biz nüvə müharibəsinin qarşısını almalıyıq”
"Nature Food" elmi jurnalında dərc olunan araşdırmanın əsas müəllifi Prof. Dr. Lili Xiai "Məlumatlar bizə açıq şəkildə söyləyir ki, biz nüvə müharibəsinin qarşısını almalıyıq" deyib.
Bununla belə, tədqiqatçılar hesablamalarında hər bir ölkənin nüvə cəbhəxanasının həcminə əsaslandığını bildiriblər.
“Nüvə silahlarının qadağan edilməsi yeganə həll yoludur”
Araşdırmanın digər müəllifi Prof. Dr. Alan Robok bildirib ki, istənilən ölçülü nüvə müharibəsi qlobal qida sistemlərini məhv edəcək və bu prosesdə milyardlarla insan həlak olacaq.
Robock, "Dünya bir neçə dəfə nüvə müharibəsi astanasına gəlib. Nüvə silahlarının qadağan edilməsi yeganə uzunmüddətli həll yoludur. 5 illik BMT Nüvə Silahlarının Qadağa Müqaviləsi 66 ölkə tərəfindən ratifikasiya edilib, lakin 9 nüvə ölkəsindən heç biri təsdiqləməyib.
Bizim işimiz açıq şəkildə göstərir ki, bu doqquz dövlətin dünyanın qalan hissəsini dinləmək və bu müqaviləni imzalamaq vaxtı çatıb".
Ayşən İsmayılova