“La Gazette” professor Elçin Əhmədovun Şuşadan Qarabağ xanlığının tarixinə dair müsahibəsini yayıb - VİDEO
Fransanın tanınmış “La Gazette” portalı azərbaycanlı professor Elçin Əhmədovun Şuşadan müsahibəsini yaymışdır.
1news.az xəbər verir ki, “La Gazette” nəşrinin “Professor Əhmədov 30 il sonra doğma şəhərinə qayıdır” sərlövhəli yazısında və süjetdə azərbaycanlı elm xadiminin doğma yurduna qayıdışından və şəhərin qədim tarixindən bəhs edilir. Şuşada anadan olmuş professor Elçin Əhmədov şəhərin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən sonra Azərbaycanın mədəniyyət paytaxtının qədim tarixi yerləri və memarlıq abidələri haqqında geniş müsahibə vermişdir.
Şuşadan hazırlanmış silsilə müsahibənin birinci hissəsində Qarabağ xanlığının əsas paytaxt qalalarının salınmasından danışılır. Elçin Əhmədov qeyd edir ki, Qarabağ xanlığının banisi Pənahəli xan Cavanşir olmuşdur. Həmin dövrdə Pənahəli xan Sarıcalı-Cavanşir strateji əhəmiyyətli müdafiə qalalarının tikilməsini lazım bilib, bu sahədə ilk addımlardan biri kimi qədim Azərbaycan - türk tayfası bayatların adı ilə bağlı olan Bayat qalasını inşa etdirib. Beləliklə, Pənahəli xan Cavanşir 1748-ci ildə Ağcəbədi yaxınlığında Kəbirli mahalında Qarabağ xanlığının ilkin paytaxtı olan Bayat qalasının bünövrəsini qoydu. Bununla yanaşı, o dövrdə baş vermiş Bayat döyüşü bu qalanın gələcək tarixi sınaqlara dözə bilməyəcəyini də üzə çıxardı. Bu baxımdan, professor tarixi mənbəələrə əsasən bildirib ki, yeni qala salınmasına daha çox ehtiyac var idi və Bayat qalasının strateji mövqeyi zəif, iqlimi isti olduğundan orada uzun müddət böyük hərbi qüvvə saxlamaq da mümkün deyildi.
Bu səbəbdən də Pənahəli xan tərəfindən Ağdamın 10 kilometrliyində yerləşən “Şah bulağı” adı ilə məşhur olan bulağın yanında inşaat işlərinə başlanıldı və kiçik qala-şəhər halına salındı. Qeyd edilir ki, Pənahəli xanın iqamətgahını Bayat qalasından Şahbulaq qalasına köçürtməsi XVIII yüzilliyin 50-ci illərinə təsadüf edir. 1749-1750-ci illərdə Tərnəküt adlandırılan ərazidə, Şahbulağının üstündə Şərq memarlıq üslubunda, orta əsr qalalarına məxsus əzəmətli görünüşdə məşhur Şahbulaq qalası yerli inşaat materialları olan əhəngdən və dağ daşlarından inşa olunmuşdu.
Elçin Əhmədov qeyd edir ki, daha sonra isə Pənahəli xan yeni, etibarlı paytaxt yaratmaq üçün dəniz səviyyəsindən 1500-1600 metr yüksəklikdə olan, sıldırım qayalarla əhatə olunmuş və alınmaz qalanı xatırladan strateji əhəmiyyətli yeri seçdi. Tarixi mənbələrə görə, 1750-ci ildə hündür, sıldırım dağ üstündə qalanın inşasına başlandı və həmin əsrin sonrakı illərində qala divarlarının çəkilməsi davam etdirildi. Qarabağ xanı Pənahəli xan 1752-ci ildə Şuşanı paytaxt elan edib oranı möhkəmləndirmiş, qala-şəhərə çevirmişdir. Sonda Qarabağ tarixçilərinin məlumatına əsaslanan professor Şuşa şəhərinin əsas qala qapıları - Gəncə, İrəvan və Ağoğlan qapıları haqqında məlumat verir.
Qeyd etmək lazımdır ki, “La Gazette” Avropanın tanınmış və ilk mətbu nəşrlərindən biri olmaqla yanaşı, 1631-ci il mayın 30-dan dərc olunmağa başlamış Fransanın ilk qəzetidir.
Yazı və müsahibənin tam mətni ilə aşağıdakı linkdən daxil olub tanış ola bilərsiniz: https://www.lagazetteaz.fr/news/special_karabakh/9575.html