Baş prokuror İranın hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşüb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Baş prokuror İranın hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşüb - FOTO

Qafar Ağayev17:43 - 31 / 08 / 2022
Baş prokuror İranın hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşüb - FOTO

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Tehrana işgüzar səfəri davam edir.

Baş Prokurorluğun mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, bugün İranın daxili işlər naziri Əhməd Vəhidi ilə görüş keçirilib. Nazir Azərbaycanın tarixi torpaqlarının işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı parlaq qələbə münasibətilə təbrik edib.

Kamran Əliyev təbrikə görə təşəkkürünü bildirərək müstəqil Azərbaycanla İran arasında əlaqələrin Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, bugün də münasibətlərimizin Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti İbrahim Rəisinin yorulmaz səyləri nəticəsində yüksək səviyyədə olduğunu vurğuladı.

Görüşdə hüquq mühafizə orqanlarımız arasında işgüzar əlaqələrin inkişaf etdirilməsinin vacibliyi qeyd olunaraq, cinayətkarlığın müxtəlif təzahürlərinə, o cümlədən narkotik və psixotrop maddələrin qaçaqmalçılığına qarşı mübarizə, habelə axtarışda olan şəxslərin cinayət məsuliyyətinə cəlb olunması məqsədilə təhvil verilməsi, təhlükəsizlik və hüquq-mühafizə fəaliyyəti sahəsində qarşılıqlı əməkdaşlıq və digər maraq kəsb edən mövzular müzakirə edilib.

Daha sonra Baş prokuror İran İslam Respublikasının Ali İnzibati Ədalət Məhkəməsinin sədri Hekmətəli Mozəffəri ilə görüşüb. Görüşdə ölkələrimizin prokurorluq və məhkəmə orqanları arasında əməkdaşlığın yüksələn xətlə inkişaf etməsindən məmnunluq ifadə olunub, hər iki ölkədə hüquq sahəsində aparılan islahatlar haqda danışılıb.

Həmçinin nümayəndə heyəti İranın Məhkəmə və Ədliyyə Qüvvələri nəzdində Statistika və İnformasiya Texnologiyaları Mərkəzinin fəaliyyəti ilə tanış olub. Mərkəzin rəhbəri Kazem Fərdlə görüşən Baş prokuror ölkəmizdə vətəndaşların ədalət mühakiməsinə əlçatanlığının asanlaşdırılması, prokurorluq və məhkəmə orqanlarına müraciət imkanlarının genişləndirilməsi məqsədilə "Elektron Prokurorluq" və "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi üzrə görülən işlərdən, prokurorluq və məhkəmə sistemində ən müasir informasiya texnologiyalarından istifadə edildiyini, bu sahədə nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edildiyini diqqətə çatdırıb.

Səfər çərçivəsində nümayəndə heyəti Tehranın "Evin" cəzaçəkmə müəssisəsini ziyarət edərək məhkumların saxlanma yeri və şəraiti, rejim qaydaları və penitensiar administrasiyanın fəaliyyəti ilə tanış olub.

Görüşlərdə ölkəmizin İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə iştirak edib.

Nümayəndə heyətinin səfəri başa çatıb.

Paylaş:
555

Son xəbərlər

Bütün xəbərlər