Məktəblilər aşağı qiymətlər yazan müəllimi ağaca bağlayaraq döydülər - VİDEO
Hindistanın Djarkhand əyalətinin Dumka rayonunda şagirdlər imtahandan aşağı qiymət aldıqları üçün riyaziyyat müəllimi və məktəb inzibatçısını ağaca bağlayaraq döyüblər.
1news.az bildirir ki, bu barədə NDTV məlumat yayıb.
İnsidentdə dövlət məktəbinin 9-cu sinfinin 11 şagirdi iştirak edib. Şagirdlər riyaziyyat müəllimi Suman Kumarın onlara testin praktiki hissəsindən qəsdən pis qiymət verdiklərini və buna görə imtahanı verə bilmədiklərini bildiriblər. Təzyiqə məruz qalan inzibatçı Soneram Şour nəticələri Djarkhand Elmi Şurasının veb saytına daxil edib.
"Məktəb rəhbərliyi hadisə ilə bağlı polisə müraciət etməyib. Hadisəni təsdiqlədikdən sonra məktəb rəhbərliyindən şikayət ərizəsi yazmağı xahiş etdim, lakin onlar bunun şagirdlərin gələcək karyeralarına xələl gətirə biləcəyini əsas gətirərək imtina etdilər", - deyə polis bölməsinin rəisi Nityanand Bhokta bildirib.
Polisin məlumatına görə, bu və ya digər şəkildə məktəbin 200 şagirdinin "əksəriyyəti" hadisədə iştirak edib. Məktəblilərin qəzəbinə tuş gələn müəllim əvvəllər bu təhsil ocağının direktoru olsa da, sonradan naməlum səbəblərdən rəhbərlikdən uzaqlaşdırılıb. Ehtimal var ki, kollektivdə hansısa konflikt baş verib. Asayişi bərpa etmək üçün doqquzuncu və onuncu sinif şagirdləri iki gün dərsdən azad edilərək evə göndərilib.
Eyni zamanda, məktəb rəhbərliyi şagirdlərin imtahanın praktiki hissəsi üçün topladıqları qiymətləri polisə göstərə və Şuranın saytına yükləndiyi tarixi verə bilməyib. Üsyana başlayan şagirdlərin həqiqətən də imtahandan keçib-keçmədiyi hələ də məlum deyil. Polis cinayəti yalnız şayiələrə görə törətdiklərini güman edir.
1news.az