“La Gazette” portalında Şuşada iki əsr yaşı olan evlərin yer üzündən silinməsindən bəhs edilib - VİDEO
Fransada fəaliyyət göstərən “La Gazette” portalı professor Elçin Əhmədovun Şuşadan müsahibəsinin üçüncü hissəsini yayıb.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, “La Gazette” portalının “Yer üzündən silinmiş ev” sərlövhəli yazısında və videomüsahibədə professor Elçin Əhmədov tərəfindən Şuşadakı 17 məhəllədən biri olan Mamayı məhəlləsi, bulağı və həmin məhəllədəki yaşadığı evin hazırkı vəziyyəti haqqında məlumat verilib. Elçin Əhmədov qeyd edib ki, Şuşada 17 məhəllənin qədim yaşayış evlərinin mütləq əksəriyyəti yarıuçuq vəziyyətdədir, bəzi evlərin isə izi belə qalmayıb. O, Mamayı məhəlləsinin başlandığı yerdən, yəni, Saatlı məscidinin yanından, “Qarabağ” mehmanxanasından yuxarı qalxanda iki əsr yaşı olan qədim evlərin hamısının tamamilə dağıdıldığını və ya yer üzündən silindiyini, erməni vandalizminə məruz qaldığını bildirib. Professor diqqətə çatdırıb ki, Şuşada bu məhəllələr içərisində şəhərin mərkəzi hissəsində yerləşən Mamayı məhəlləsində iki əsr yaşı olan qədim evlər 1992-ci ildən sonra 28 il ərzində, yəni, işğal dövründə ermənilər tərəfindən məqsədyönlü şəkildə vəhşicəsinə dağıdılıb.
Elçin Əhmədov müsahibəsində, həmçinin qeyd edib: “Qarabağ” mehmanxanasından 50 metr yuxarıya qalxanda sağ tərəfdə yerləşən və bir metrə yaxın qalın divarları, uzun və sal daşlardan ibarət pilləkənləri olan evimiz bütünlüklə sökülüb, daşları ermənilər tərəfindən xarici ölkəyə satılıb və ya Ermənistana daşınıb. Bizim evi müharibə vaxtı yox, müharibədən sonra ermənilər dağıdıblar. Yəni, 1992-ci ildə Şuşa şəhəri Ermənistan silahlı birləşmələri tərəfindən işğal ediləndə evə bir güllə belə dəyməmişdi. Şəhəri məcburən tərk edəndən sonra bizim evlə yanaşı, Mamayı məhəlləsindəki evlərin əksəriyyəti dağıdılıb”.
Məhəllədəki “Mamayı” bulağı haqqında da məlumat verən professor yaşadığı evin həyətində vaxtilə mövcud olan qədim su quyusundan bəhs edib. Bununla yanaşı, iki əsr yaşı olan evin qoruyub saxladığı bütün sənədlərini, yaşadığı məhəllənin işğaldan əvvəlki şəkillərini də göstərərək erməni vandalizmini faktlarla diqqətə çatdırıb.
Qədim tarixə malik Şuşa şəhərindəki əksər yaşayış evlərinin dağıdılması və ya məhv edilməsindən bəhs edən müsahibə Ermənistanın təcavüzkar siyasətinin və erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.