“Ermənistan İlham Əliyevin Laçın səfərindən çox ciddi nəticə çıxarmalıdır” - DEPUTAT
“Cənab Prezident səfəri zamanı mesajlarını verdi və Laçının tarixi Azərbaycan ərazisi olduğunu bir daha vurğuladı”.
Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
“Səfər çox mühüm bir dövrü əhatə edir. Bir müddət öncə Ermənistan Azərbaycanla sərhəddə təxribat törətmişdi və ermənilər ümid edirdilər ki, Azərbaycan torpaqlarını yenidən işğal edə və ya hansısa mövqeyimizi ələ keçirə bilərlər, amma bu mümkün olmadı. Məsələnin digər bir əhəmiyyətli tərəfi odur ki, Laçın şəhəri Azərbaycana geri verilib. Cənab prezident səfəri zamanı mesajlarını verdi və Laçının tarixi Azərbaycan ərazisi olduğunu bir daha vurğuladı. Ermənistan bu səfərdən çox ciddi nəticə çıxarmalıdır. Bilməlidir ki, onun ən kiçik təxribatının belə qarşısı qətiyyətlə alınacaq və Azərbaycan heç zaman torpaqlarının işğalı ilə barışmayacaq.
Digər məsələ isə bu idi ki, guya Azərbaycan hansısa bir təxribat həyata keçirib və ya işğal planlayır. Amma cənab prezident səfəri zamanı vurğuladı ki, vəziyyət heç də Ermənistanın qeyd etdiyi kimi deyil. Əgər Ermənistan dediyi kimi idisə, onlar niyə bu günə kimi delimitasiya və demarkasiya prosesinə başlamayıb”.
Deputat sözlərinə “Ermənistan revanşizm barədə yox, yekun sülh müqaviləsinin imzalanması barədə düşünməli, delimitasiya və demarkasiya prosesinə başlamalıdır. Zəngəzur dəhlizi tez bir zamanda açılmalıdır” - deyə davam edib:
“Ermənistan tərəf bilməlidir ki, Azərbaycan heç bir zaman bir qarış belə torpağının işğalı ilə barışmayacaq və məqsədlərinə nail olmaq üçün bütün addımları atacaq. Ermənistan bu cür təxribatlara nə qədər davam etsə, onun üçün bir o qədər çətin və ağrılı olacaq və bir o qədər itki verəcək. Buna görə də Ermənistan tərəf belə təxribatlardan uzaq olmalıdır”.
Qeyd edək ki, Prezident İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaldıb. Daha sonra dövlət başçısı Laçın şəhərinin mərkəzi küçəsində ermənilərin törətdikləri dağıntılara baxıb, şəhərin ərazisini seyr edib.
Ayşən İsmayılova