Kamaləddin Qafarov: “Qüdrətli Azərbaycan Ordusu müstəqilliyimizin ən etibarlı qarantıdır”
“Artıq ikinci ildir ki, Azərbaycan xalqı öz şəhidlərinin əziz xatirəsini sonsuz ehtiramla yad edir. Bu tarixi gündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna etdikləri səfər zamanı rayonun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyublar. Burada etdiyi çıxışında möhtərəm Prezidentimiz bir daha vurğuladı ki, Azərbaycan heç zaman öz şəhidlərinin əziz xatirəsini unutmayacaq.
Çünki biz bu gün məhz qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində azad edilmiş torpaqlarda qurub yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və şanlı Zəfərimizlə fəxr edirik. Qeyd etmək lazımdır ki, dövlət başçımızın Vətən müharibəsindən sonra Füzuli rayonuna ilk səfəri qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından cəmi 6 gün sonra baş tutmuşdu. 2020-ci ilin noyabr ayının 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına tarixi səfər etmişdilər. Səfər çərçivəsində Ali Baş Komandanımız Füzuli və Cəbrayıl şəhərlərində, Xudəfərin körpüsündə Azərbaycan bayrağını şəxsən özü qaldırmaqla bizim işğaldan azad edilmiş torpaqlara Böyük Qayıdışımızın ilk addımının artıq atıldığını bütün dünyaya bəyan etmişdi.” Bunu mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə hər səfəri Azərbaycanın bu torpaqların əsl sahibi olduğunu bütün dünyaya təkrar-təkrar nümayiş etdirir: “Şəhidlərimizin qanı-canı bahasına işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonları, eləcə də Şuşa şəhəri əslində xalqımızın, dövlətimizin tarixi Zəfərinin ən möhtəşəm mücəssəməsi olmuşdur. İkinci Qarabağ müharibəsinin ilk günündə Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri və Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilmişdir. Şəhidlərimizin şərəfinə Qaraxanbəyli kəndinin yaxınlığında qaya parçasında ucaldılan abidə də məhz buna görə rəmzi məna daşımaqla böyük mənəvi əhəmiyyət kəsb edir. Tarixi missiyanı həyata keçirən Azərbaycanın qəhrəman övladları tarix qarşısında, xalq qarşısında, Vətən qarısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər. Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi, 44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi. Dayanmadan, durmadan, usanmadan hər gün qan tökərək, şəhidlər verərək irəliyə gedirdi, Zəfərə doğru gedirdi. Şanlı Ordumuz bir gün belə dayanmadı, bir gün belə geriyə addım atmadı, ancaq irəli getdi, düşməni qova-qova döyüş meydanında tarixi Zəfər çaldı. 44 gün ərzində 300-ə yaxın şəhər və kənd düşməndən azad edildi. Düşmən məcbur olub kapitulyasiya aktını imzalayaraq məğlubiyyətini qəbul etdi və o vaxt hələ işğal altında olan torpaqlardan çıxmağa məcbur oldu.”Sonda deputat bundan sonra da hər bir azərbaycanlının Vətənin keşiyində daha böyük əzmkarlıqla duracağına əmin olduğunu vurğulayıb: “Möhtərəm cənab Prezidentimizin dediyi kimi, Azərbaycanın hər bir vətəndaşı daim Vətənin, müstəqilliyimizin keşiyində durmalıdır və heç bir şübhə yoxdur ki, bu belə də olacaq. Bundan sonra Azərbaycan xalqı artıq heç zaman imkan verməz ki, bir daha düşmən başını qaldırsın və bizim üçün təhdid yaratsın. Bunun ən böyük qarantı isə qüdrətli Azərbaycan Ordusudur".