Polad Bülbüloğlu Küveytin Rusiya Federasiyasına yeni təyin olunmuş səfirini qəbul etmişdir - FOTO
Cari ilin 19 oktyabr tarixində Səfir Polad Bülbüloğlu Küveyt Dövlətinin Rusiya Federasiyasına yeni təyin olunmuş Səfiri Mənsur Ayəd Əl-Oteybini onun xahişi ilə qəbul etmişdir.
Görüş zamanı Azərbaycanın Səfiri küveytli həmkarını təyinatı münasibəti ilə təbrik etmiş və ona gələcək fəaliyyətində uğurlar arzulamışdır. Bundan əlavə, Polad Bülbüloğlu Moskvada akkreditə edilmiş diplomatik korpusun duayeni qismində fəaliyyəti, təşkil edilən çoxsaylı görüş və mədəni tədbirlər barədə qarşı tərəfi məlumatlandırmışdır.
Azərbaycan-Küveyt münasibətləri haqqında söz açan Azərbaycanın Səfiri, bu xüsusda iki ölkənin İƏT və Qoşulmama Hərəkatı çərçivəsində faydalı əməkdaşlığını qeyd etmişdir. Bununla yanaşı, iqtisadi, turizm və mədəniyyət sahələrində əməkdaşlığın daha da genişləndirilməsi üçün geniş imkanların olduğunu önə çəkmişdir.
Polad Bülbüloğlu Ermənistan-Azərbaycan münaqişəsi, onun tarixi, aparılmış danışıqlar prosesi, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi və digər beynəlxalq təşkilatlar çərçivəsində münaqişə ilə bağlı qəbul edilmiş çoxsaylı sənədlərin mahiyyətindən bəhs edərək, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun Vətən müharibəsində qazandığı parlaq qələbə haqda danışmış, Azərbaycanın öz suveren torpaqları naminə vuruşduğunu, beynəlxalq hüququn, haqq və ədalətin ölkəmizin tərəfində olduğunu bildirmişdir. Eyni zamanda münaqişəyə son qoymuş məlum üçtərəfli Bəyanatın müddəaları və postmünaqişə dövrü, azad olunmuş ərazilərimizdə sürətlə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə də qarşı tərəfə ətraflı məlumat vermişdir.
Küveyt Dövlətinin Səfiri ölkəmizin ərazi bütövlüyünün bərpası münasibəti ilə təbriklərini çatdırmış, təmsil etdiyi ölkə tərəfindən Azərbaycanın haqlı mövqeyinin daim beynəlxalq təşkilatlar çərçivəsində dəstəkləndiyini söyləmişdir.
Bundan əlavə, Mənsur Ayəd Əl-Oteybi maraqlı və məhsuldar görüşə görə Səfir Polad Bülbüloğluna təşəkkürünü bildirmişdir.
Həmçinin görüşdə regionda baş verən proseslər və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Sonda qonağa Heydər Əliyev Fondu tərəfindən nəfis şəkildə çap edilmiş “Qarabağ işğaldan əvvəl və sonra” kitabı hədiyyə edilmişdir.