XİN: “Son mina partlayışlarının 55%-i Ermənistanın verdiyi xəritələrdən kənar ərazilərdə baş verib”
Ümumilikdə, son 30 il ərzində Azərbaycanda mina qurbanlarının sayı 3345 nəfər təşkil edib.
1news.az-a bu barədə XİN-dən məlumat verilib.
2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 266 vətəndaşımız mina partlayışından zərər çəkdiyi vurğulanıb.
“Onlardan 3 nəfər jurnalist daxil 45 nəfər həlak olub. Həlak olan 45 nəfərdən 35 nəfər mülki şəxsdir. Son 30 il ərzində minalardan zərər çəkənlərin isə 38 nəfəri qadın və 357 nəfəri uşaqdır”.
Azərbaycan XİN Ermənistanın təqdim etdiyi mina xəritələrinin qeyri-dəqiq olduğunu bildirib.
“Bununla yanaşı, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatın imzalanmasından sonra, əvvəlcə ümumiyyətlə mina xəritələrinin olmasını inkar edən Ermənistanın daha sonradan beynəlxalq təzyiq nəticəsində təqdim etdiyi kiçik qisim mina xəritələrinin etibarlılığının yalnız 25% təşkil etdiyi məlumdur. Qeyd edək ki, son mina partlayışlarının təqribən 55%-i Ermənistan tərəfindən təhvil verilən xəritələrdən kənar ərazilərdə baş verib”, - deyə məlumatda deyilir.
1news.az