“Pelosini girov götürmək istəyirdim” - Spikerin evinə hücum edən şəxs

İstintaqın məlumatına görə, Nensi Pelosinin evinə hücum edən şəxs - Devid DePape onu girov götürmək niyyətində olub.
1news.az APA-ya istinadla xəbər verir ki, bu barədə Devid DePape dindirilmə zamanı deyib.
Senatın Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin evinə girərək onun ərinə çəkiclə hücum edən şəxs dindirilmə zamanı bildirib ki, o, spikeri girov götürməyi və onunla danışmağı planlaşdırıb:
“ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri həqiqəti desəydi, onu buraxacaqdım, ancaq əgər o yalan danışsaydı, onun diz qapaqlarını sındıracaqdım”.
DePape ifadəsində Pelosini “Demokrat Partiyasının söylədiyi yalanların lideri” adlandırıb.
DePape istintaq zamanı deyib ki, o hesab edir ki, əgər Pelosi ilə danışsaydı, spiker ona yalan danışacaqdı.
“Daha sonra DePape qeyd edib ki, Nensinin diz qapaqlarını sındırmaqla o, Konqresin digər üzvlərinə hərəkətlərin nəticələrinin olduğunu göstərəcəkdi”, - istintaqdan xəbərdar olan FTB-nin əməkdaşı deyib.
Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ Senatının Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin evinə hücum olub. Əlində çəkic olan şəxs Pelosinin əri Paul Pelosiyə ağır xəsarət yetirib. Hadisə zamanı Nensi Pelosi evdə olmayıb. Pelosinin ofisi hücuma məruz qalan Paul Pelosinin vəziyyətinin yaxşılaşması barədə məlumat yayıb.