Brüsseldə Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilir - FOTO

Brüsseldə Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilir.
1news.az-ın məlumatına görə, bu barədə bu gün Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin baş katibi Stefano Sannino "Twitter"də bildirib.
"Baş nazirlərin müavinləri Şahin Mustafayev və Mher Qriqoryan rəhbərlik etdiyi Azərbaycan və Ermənistan sərhəd komissiyalarını Brüsseldə 3-cü iclasında salamlamaqdan məmnunluq duyuruq. Avropa İttifaqı tərəfləri regionda təhlükəsizliyi yaxşılaşdırmaq və delimitasiya üzrə irəliləyişə nail olmaq üçün addımlar atmağa çağırır",- deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın üçüncü iclası sabah, noyabrın 3-də Belçikanın paytaxtı Brüssel şəhərində keçirilir.
Xatırladaq ki, mayın 23-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan sərhəd delimitasiyası üzrə komissiyaların yaradıldığı barədə sərəncam imzalayıblar. Sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli dövlət komissiyasının Azərbaycan tərəfdən həmsədri Baş nazirin müavini Şahin Mustafayevdir.
Sərhədlərin delimitasiyası və demarkasiyası üzrə ilk görüş bu il mayın 24-də Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində baş tutub. Azərbaycan və Ermənistan baş nazir müavinləri Şahin Mustafayev və Mher Qriqoryan Ermənistan-Azərbaycan sərhədində görüşüblər.

