“X” sosial şəbəkəsinə kiberhücüm olub

Ötən gün Amerikalı milyarder İlon Maskın sahibi olduğu "X" platformasında uzun müddətli giriş problemi yaşanıb.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, istifadəçilər saatlarla paylaşım edə və lentlərini yeniləyə bilmədi.
Downdetector.com-a görə, ilk kəsinti saat 12:30-da baş verib. Problem qismən həll edilsə də, saat 16:00-da yenidən ortaya çıxıb və 40 minə yaxın istifadəçi platformaya giriş edə bilmədiyini bildirib. Saat 20:30-da problem aradan qaldırılıb.
Mask rəsmi "X" hesabından paylaşım edərək, ""X"-ə qarşı böyük bir kiber hücum oldu. Hər gün hücuma məruz qalırıq, lakin bu dəfə daha genişmiqyaslı idi. Ya böyük bir qrup, ya da bir ölkə bu işə qarışıb" dedi.
Hücumun mənbəyi hələlik məlum deyil və araşdırmalar davam edir.