Qəhrəman siçan tarixə düşdü: Mina ovçusundan dünya rekordu | 1news.az | Xəbərlər
Dünya

Qəhrəman siçan tarixə düşdü: Mina ovçusundan dünya rekordu

Qafar Ağayev10:10 - Bu gün
Qəhrəman siçan tarixə düşdü: Mina ovçusundan dünya rekordu

Kambocada mina axtaran bir siçan 100-dən çox mina və partlayıcı maddəni aşkar edərək dünya rekordu qırıb.

1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, qeyri-hökumət təşkilatı olan APOPO, Ronin adlı nəhəng Afrika kisəli siçanının 2021-ci ildən bəri 109 mina və 15 partlamamış hərbi sursatı aşkarladığına görə ən uğurlu Mina Aşkarlayan Siçan (MDR) kimi tanındığını bildirib.

Ginessin rekordlar kitabına düşdü

Ronin adlı bu siçan Ginnesin Dünya Rekordları Kitabına daxil edilib. Bildirilib ki, bu gəmiricinin həyati əhəmiyyət kəsb edən işi, “gündəlik həyatlarında atdıqları yalnış bir addımın ölümlə nəticələnə biləcəyi qorxusu ilə yaşayan insanlar üçün” əsl fərq yaradıb.

Rekordunu yeniləməyə davam edə bilər

APOPO-nun açıqlamasında qeyd olunub: “Roninin işi hələ başa çatmayıb. Onun cəmi beş yaşı var, qarşıda daha iki illik aşkarlama fəaliyyəti ola bilər və o, artıq qırdığı rekordu yeniləməyə davam edə bilər.”

Ronin, beş il ərzində 71 mina və 38 partlamamış sursat tapan Afrika nəhəng kisəli siçanı Magavanın əvvəlki rekordunu qırıb.


Zəhmətkeş və dostcanlı

Avokadonu çox sevən Roninin uzunluğunun 68 sm, çəkisinin 1175 qram olduğu və xarakterinin “zəhmətkeş, lakin dostcanlı və rahat” olduğu bildirilir.

APOPO təşkilatının HeroRATS adlandırdığı ümumilikdə 104 gəmiricidən ibarət heyəti var.

Mina axtarmaq üçün təlim görmüş siçanlar

Təlim görmüş siçanların, partlayıcıların içindəki TNT adlı kimyəvi maddəni aşkar edə bildiyi və metal detektorları ilə edilən ənənəvi üsullardan fərqli olaraq, metal tullantılarını nəzərə almadığı bildirilir.

Paylaş:
106

Son xəbərlər

Bütün xəbərlər