Heydər Əliyev Beynəlxalq Aeroportu “ACI Europe”un TOSC iclasında iştirak edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev Beynəlxalq Aeroportu “ACI Europe”un TOSC iclasında iştirak edib

Qafar Ağayev11:06 - 15 / 04 / 2025
Heydər Əliyev Beynəlxalq Aeroportu “ACI Europe”un TOSC iclasında iştirak edib

Heydər Əliyev Beynəlxalq Aeroportu Varşavada keçirilmiş Avropa Hava Limanları Assosiasiyasının (ACI Europe) Texniki və Əməliyyat Təhlükəsizliyi Komitəsinin (TOSC) 49-cu iclasında iştirak etməklə Azərbaycanın beynəlxalq aviasiya gündəmində artan rolunu bir daha nümayiş etdirib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan 1news.az-a bildirilib ki, tədbir aviasiya sənayesinin əsas çağırışlarına dair birgə həllərin müzakirəsi məqsədilə aparıcı Avropa hava limanlarının, aviasiya tənzimləyicilərinin və texnoloji şirkətlərin nümayəndələrini bir araya gətirib.

Aeroportun nümayəndə heyəti süni intellektin turnaround əməliyyatlarına (təyyarənin enişi ilə növbəti uçuşu arasındakı yerüstü xidmət dövrü) tətbiqi, aeronaviqasiya xidmətləri ilə rəqəmsal koordinasiya və perron təhlükəsizliyinin gücləndirilməsi istiqamətində aparılan müzakirələrdə fəal iştirak edib.

Əsas diqqət uçuş-enmə zolağından çıxma hallarının qarşısının alınmasına və insan amilinin azaldılmasına yönəlib. Bu kontekstdə xüsusi texnika sürücülərinin peşəkar hazırlığı və əməliyyat risklərinin azaldılması üzrə qabaqcıl yanaşmalar təqdim olunub.

“TOSC forumu sadəcə bilik və təcrübə mübadiləsi üçün məkan deyil. Bu, aviasiyada təhlükəsizliyin gələcək standartlarının formalaşdığı platformadır. Biz yalnız mövcud təcrübələri mənimsəməklə kifayətlənmir, eyni zamanda bu prosesin bir hissəsi olmağa çalışırıq,” – deyə hava limanının uçuşların təhlükəsizliyi üzrə direktor müavini Elmir Quluzadə bildirib.

Forum çərçivəsində TOSC-un növbəti iclaslarından birinin Bakıda keçirilməsi təklif edilib. Bu təşəbbüs Azərbaycanın qlobal aviasiya ekosisteminin inkişafına verdiyi töhfənin və Bakı şəhərinin yeni nəsil nəqliyyat qovşağı kimi artan rolunun tanınması baxımından əlamətdar addımdır.

Qeyd edək ki, 2024-cü ildən etibarən Bakı və Gəncə beynəlxalq hava limanları Avropa hava limanlarının ən böyük assosiasiyası olan “ACI Europe”un rəsmi üzvləridir.

Paylaş:
101

Son xəbərlər

Bütün xəbərlər