Bu gün “Qarabağ” - “Neftçi” oyunu keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI turun daha iki oyunu keçiriləcək.
1news.az xəbər verir ki, günün ilk matçında "Sabah" autsayder "Səbail"i sınağa çəkəcək. "Bank Respublika Arena"da oynanılacaq görüş saat 17:30-da başlayacaq. Matçı Fərid Hacıyev idarə edəcək.
Hazırda "Sabah" 36 xalla 5-ci, "Səbail" isə 20 xalla 10-cu pillədə qərarlaşıb.
Günün son oyunu isə "Qarabağ" və "Neftçi" komandaları arasında olacaq. Turun mərkəzi qarşılaşması Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək. Görüşün baş hakimi FIFA referisi Elçin Məsiyev olacaq.
"Neftçi" 30 turdan sonra 35 xalla 6-cı sırada yer alıb. 73 xalla turnir cədvəlinə başçılıq edən "Qarabağ" isə bu tur çempionluğu təmin edə edə bilər. Bunun üçün "köhlən atlar" "Neftçi"yə qalib gəlib, ən yaxın izləyicisi olan "Zirə"nin "Sumqayıt"la matçda xal itirməsini gözləməlidir.
Qeyd edək ki, turun açılış oyununda "Araz-Naxçıvan" Bakıda "Turan Tovuz"la 1:1 hesablı heç-heçə edib. Tura aprelin 20-də keçiriləcək 2 qarşılaşma ilə yekun vurulacaq.