Əmir Əliyev: Xocalıda aşkarlanan insan qalıqları Ermənistanın törətdiyi beynəlxalq cinayətlərin əyani sübutudur

“Bu gün Xocalıda aşkarlanan insan qalıqları Ermənistan tərəfindən törədilən beynəlxalq cinayətlərin əyani sübutudur”.
1news.az xəbər verir ki, bunu bu gün Xocalıda aşkarlanan insan qalıqlarına baxış zamanı jurnalistlərə açıqlamasında İnsan Hüquqlarının Təşviqi Mərkəzi İctimai Birliyinin sədri, hüquq elmləri doktoru Əmir Əliyev deyib.
O, bildirib ki, hazırda, məhkəmə prosesi gedir və bu cinayətləri törədən müəyyən şəxslər məhkəmə qarşısına çıxarılır.
“ Tapılan qalıqlar həmin cinayətlərin törədildiyinin bir daha təsdiqidir. Bütün bunlar birinci növbədə təcavüz cinayətidir. Azərbaycan uzun müddət Ermənistan tərəfindən təcavüzə məruz qalıb. Bu, beynəlxalq cinayətdir. İkincisi isə soyqırımı cinayətidir ki, artıq bu da beynəlxalq aləmdə tam şəkildə tanınıb.
Hesab edirəm ki, bu gün gedən məhkəmə prosesi bu cinayətlərin araşdırılması və cinayəti törədənlərin cəzalandırılması istiqamətində mühüm addımlardan biridir. Azərbaycan məhkəmələri bu istiqamətdə tam səlahiyyətlidir və cinayətlərin müəyyənləşdirilməsi və sübut olunması istiqamətində peşəkar fəaliyyət göstərir.
Üçüncü isə, insanlığa qarşı cinayətlərdən danışmaq lazımdır. Bildiyiniz kimi, 4 minə yaxın insan itkin düşüb. Onların zorla yoxa çıxarılması faktları da beynəlxalq hüquq çərçivəsində insanlığa qarşı cinayət kimi qiymətləndirilir” .
QHT sədri deyib ki, eyni zamanda, tapılan qalıqlar müharibə cinayətlərinin törədildiyinin də sübutudur.
Bu qalıqlar ekspertizadan keçirilməlidir, çünki bir çox hallarda işgəncə izləri müşahidə olunur.
Həm insanlığa qarşı, həm də müharibə cinayətlərinin törədilməsi Ermənistanın beynəlxalq hüquq qarşısında məsuliyyətini daha da ağırlaşdırır. Hazırda törətdikləri cinayətlərə görə təqsirləndirilən şəxslərin məhkəmə prosesi davam edir. Bu, həm də prosesin bir hissəsidir” .
“Digər tərəfdən, bu gün Ermənistanda da müəyyən şəxslər var ki, onlar məsuliyyətdən yayınır və uzun müddət müxtəlif dövlət vəzifələrində çalışıblar” - deyə o əlavə edib :
“Bu gün onların bir qisminin məsuliyyətə cəlb edilməsi üçün addımlar atılır. Digər qismlə bağlı isə Ermənistan ekstradisiya və digər hüquqi prosedurlar vasitəsilə əməkdaşlıq etməlidir.
Nəhayət, bu, Ermənistanın dövlət məsuliyyətini də gündəmə gətirir. Dövlət, onun nümayəndələri tərəfindən törədilən cinayətlərə görə beynəlxalq hüquq qarşısında məsuliyyət daşıyır. Bu məsuliyyət həm siyasi, həm də maddi xarakter daşıyır.
Siyasi məsuliyyət odur ki, Ermənistan beynəlxalq ictimaiyyət qarşısında törətdiyi cinayətləri etiraf etməli və üzr istəməlidir.
Maddi məsuliyyət isə dəymiş ziyanın ödənilməsini əhatə edir. Biz bu ərazilərə gəldikdə gördük ki, infrastrukturlar, yaşayış evləri tamamilə dağıdılıb, yerlə-yeksan olunub. Dövlət əmlakı, şəxsi mülkiyyət və ümumiyyətlə, bütün iqtisadi və sosial infrastruktur məhv edilib.
Bu gün həmin ərazilərdə normal yaşayış üçün minimum şərait belə yoxdur. Uzun müddət dövlətimiz məcburi köçkünlərə yaşayış şəraiti təmin etmək üçün ciddi vəsait və səylər sərf edib. Bu da Ermənistan tərəfindən ödənilməli olan kompensasiyanın bir hissəsidir.
Bundan əlavə, əldən çıxmış faydalar da var. Azərbaycan dövləti və insanları 30 il ərzində potensial inkişaf imkanlarından məhrum olublar. İnsanların mülkiyyət hüquqları, gələcək imkanları məhv edilib. Mədəni irs isə ciddi şəkildə dağıdılıb və talan edilib.
Bu cinayətlər, insanlığa və müharibəyə qarşı törədilmiş bütün növ cinayətlər Ermənistan və onu təmsil edən şəxslər tərəfindən həyata keçirilib. Buna görə də bu məsuliyyət davam edəcək.
Azərbaycanın bu istiqamətdə apardığı məhkəmə prosesi və məsuliyyətə cəlbetmə fəaliyyəti dünya praktikası üçün də böyük bir nümunədir. Bilirsiniz ki, dünyada tribunallar və hibrid məhkəmələr yaradılıb. Azərbaycan məhkəmələri də bu istiqamətdə tam səlahiyyətli şəkildə fəaliyyət göstərir”.