ABB Özbəkistan bazarına daxil olur – Prezidentlərin iştirakı ilə “ABB Davr” Bank layihəsinin açılışı olub - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin onlayn formatda iştirakı ilə avqustun 23-də Daşkənddə “ABB Davr” Bank layihəsinin açılışı olub.
1news.az xəbər verir ki, bu barədə ABB ASC-nin İdarə Heyətinin sədri Abbas İbrahimov özünün “Facebook” səhifəsində paylaşım edib.
O bildirib ki, ABB-nin yeni strateji dövrdə qarşıya qoyduğu coğrafi genişlənmə hədəfinə doğru ilk tarixi addım məhz Özbəkistanda atılıb.
“Cənab İlham Əliyevin Özbəkistan Prezidenti ilə mətbuata birgə bəyanatında bu hadisəni aparıcı Azərbaycan bankının Özbəkistan bazarına daxil olması kimi dəyərləndirməsi bizim üçün böyük qürur və məsuliyyətdir”, – deyə Abbas İbrahimov qeyd edib.
ABB rəhbərinin sözlərinə görə, bank artıq Özbəkistan bazarında “ABB Davr” Bank adı ilə fəaliyyət göstərəcək:
“Bu layihəni Özbəkistanda uzunmüddətli fəaliyyətimizin başlanğıcı kimi görür, biznes, vətəndaşlar, eləcə də ölkə iqtisadiyyatı üçün etibarlı maliyyə tərəfdaşı olmağı hədəfləyirik”.
Abbas İbrahimov qeyd edib ki, ABB-nin zəngin təcrübəsi, qabaqcıl texnologiyaları və innovativ yanaşmaları Özbəkistan bazarının imkanları və Davr Bankın yerli təcrübəsi ilə birləşdiriləcək.
“Niyyətimiz müştərilərimiz üçün yeni imkanlar yaratmaq, iqtisadiyyata dəstək olmaq və Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın daha da inkişafına töhfə verməkdir”, – deyə o əlavə edib.















