Su-24 təyyarəsinin türk pilotlar tərəfindən xəbərdarlıq edilməsinin səs yazısı yayılıb – VİDEO

Türkiyə Rusiyaya məxsus Su-24 hərbi təyyarəsinin vurulmadan öncə edilən xəbərdarlığının səs yazısını yayıb.
1news.az-ın Haberler.com-a istinadla verdiyi xəbərə görə, rəsmi Ankara hadisədən sonra yaydığı bəyanatda Rusiya qırıcısına dəfələrlə xəbərdarlıq olunduğunu, buna baxmayaraq Su-24 təyyarəsinin Türkiyə hava sərhədini pozmağa cəhd etdiyini bildirib.
Yerli FOX telekanalının əsas xəbər buraxılışında türk pilotun rus həmkarına etdiyi xəbərdarlığın audioyazısı yayımlanıb.
Səs yazısında türk pilotun 5 dəqiqə ərzində 10 dəfə rus pilotuna ingilis dilində, “Türk hava sərhədlərinə yaxınlaşırsınız. Təcili olaraq istiqamətinizi dəyişin!” - deyə xəbərdarlıq etsə də, rus təyyarəsi buna məhəl qoymayıb.
Xatırladaq ki, ötən gün Türkiyə hərbi aviasiyasına aid F-16 qırıcıları bu ölkənin Suriya ilə sərhəddində Rusiya hərbi aviasiyasına aid Su-24 qırıcısını vurub.