Azərbaycanla İran arasında dini, mədəni əlaqələr yüksək səviyyədədir | 1news.az | Xəbərlər
Dünya

Azərbaycanla İran arasında dini, mədəni əlaqələr yüksək səviyyədədir

04:52 - 27 / 11 / 2015
Azərbaycanla İran arasında dini, mədəni əlaqələr yüksək səviyyədədir

Noyabrın 26-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə İranın elm və təhsil naziri Əli Əsgər Fani ilə görüşüb.

1news.az AZƏRTAC-a istinadla xəbər verir ki, A.Paşazadə Azərbaycan ilə İran arasında bütün sahələrdə, o cümlədən dini, mədəni sahələrdə yüksək səviyyəli əlaqələrin mövcud olduğunu bildirib. Hər iki ölkə tərəfindən mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atıldığını qeyd edən QMİ-nin sədri bu səfərin iki ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. Şeyxülislam vurğulayıb ki, bu gün Azərbaycanda dinlər və təriqətlər arasında münasibətlər yüksək səviyyədədir.

ISESCO-nun Baş Konfransının 12-ci sessiyasında və qurumun İcraiyyə Şurasının 36-cı iclasında iştirak etmək üçün Azərbaycanda səfərdə olduğunu bildirən nazir Əli Əsgər Fani ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyini vurğulayıb. O bildirib ki, bu gün dünyada radikalizm kimi mənfi amillər İslam dinini təhdid edir və dinimizin əsl mahiyyətini, sülhsevərliyini təhlükə altında qoyur. Ona görə də bu gün İslam dünyasının bu kimi mənfi hallarla mübarizə aparmaq üçün vəhdətə ehtiyacı var.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində İranın bir qardaş ölkə kimi həmişə Azərbaycanın yanında olduğunu bildirən A.Paşazadə deyib ki, işğal olunmuş torpaqlarımızda məscidlər, qəbiristanlıqlar, ziyarətgahlar, məqbərələr dağıdılır. Dağıdılan dini və mədəni abidələr haqqında kitab hazırlanmasına ehtiyac var.

İranlı nazir qeyd edib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə Azərbaycan ərazilərindəki məscidlər, ziyarətgahlar haqqında hazırlanan kitab fars dilinə tərcümə olunub və tezliklə işıq üzü görəcək. Nazir, həmçinin İranda Azərbaycan məscidləri və ziyarətgahları haqqında fotosərginin də keçirilməsinin nəzərdə tutulduğunu bildirib.

1news.az

Paylaş:
721

Son xəbərlər

Bütün xəbərlər