AŞPA: Aşağı seçici fəallığı Ermənistanda keçirilən referendumun siyasi maraqlardan irəli gəldiyinin göstəricisidir | 1news.az | Xəbərlər
Ermənistan

AŞPA: Aşağı seçici fəallığı Ermənistanda keçirilən referendumun siyasi maraqlardan irəli gəldiyinin göstəricisidir

12:35 - 08 / 12 / 2015
AŞPA: Aşağı seçici fəallığı Ermənistanda keçirilən referendumun siyasi maraqlardan irəli gəldiyinin göstəricisidir

“Aşağı seçici fəallığı referendumun Ermənistan ictimaiyyətinin ehtiyaclarından deyil, siyasi maraqlardan irəli gəldiyinin göstəricisidir”.

1news.az-ın xəbərinə görə, bu barədə AŞPA müşahidə missiyasının dekabrın 6-da Ermənistanda keçirilən konstitusiya islahatları referendumu ilə əlaqədar yaydığı məlumatda deyilir.

Məlumatda qeyd edilir ki, islahatlar prosesi kifayət qədər inklüziv olmayıb:

“Parlamentin islahatlar mətnini müzakirə etmək üçün bir neçə həftə vaxtı olub. İctimai debatların isə iki aylıq məhdudlaşdırılması razılığın əldə olunmasının qarşısını alıb. Konstitusiya dəyişikliyinin əsasında duran əsas məsələ - prezident idarə üsulundan parlament idarə üsuluna keçid vətəndaşların əksəriyyəti tərəfindən hazırkı prezidentin ikinci səlahiyyət müddəti başa çatandan sonra hakimiyyətdə qalmaq üçün vasitə kimi dəyərləndirilib”.

Məlumatda, həmçinin, seçici siyahılarında daimi əsasda xaricdə yaşayan, həlak olmuş şəxslərin adlarının qeyd edilməsi, “karusel”, seçicilərin iradəsinə təsir etmək, icra strukturlarının səlahiyyətlərindən sui-istifadə etməsi, səslərin sayılması prosesi zamanı çatışmazlıqlar və fiziki imkanları məhdud olan şəxslər üçün əlverişli şəraitin yaradılmaması kimi problemlərin qeydə alındığı bildirilir.

“Nümayəndə heyəti Ermənistan hakimiyyətini səsvermə prosesində və siyasətdə inam yaratmaq üçün bu problemləri aradan qaldırmağa və Ermənistanın demokratik gələcəyini təmin etməyə çağırır”,  – deyə AŞPA-nın məlumatında vurğulanır.

Qeyd edək ki, AŞPA nümayəndə heyətinə isveçrəli Andreas Qross rəhbərlik edib.

1news.az

Paylaş:
957

Son xəbərlər

Bütün xəbərlər