Rusiya vertolyotu Finlandiyanın hava məkanını pozub
Rusiya vertolyotu Finlandiya ərazisinə soxulub. İnsident dekabrın 10-da baş verib.
1news.az “РИА Новости”-yə istinadla xəbər verir ki, bu barədə Finlandiyanın Sərhəd Departamentinin yaydığı rəsmi məlumatda bildirilir.
Məlumata görə, Rusiya tərəfindən Finlandiya ərazisinə girən vertolyot bir müddətdən sonra gəldiyi istiqamətdə də geri qayıdıb.
"Vertolyot səhər saat 10 radələrində heç bir xəbərdarlıq etmədən Finlandiyanın hava məkanına daxil olub və sərhədi keçəndən sonra9 km içəriyə doğru irəliləyib. Hava nəqliyyatı Hapasaari adasından şərq tərəfdə, Finlandiyanın ərazi suları üzərində uçub" - deyə Finlandiya Sərhəd Departamentinin yaydığı məlumatda bildirilir.
Finlandiya tərəfi bildirir ki, Rusiya vertolyotu fin sərhədçilərinin radio-çağırışlarına cavab verməyib. Belə olan halda işə Finlandiya Hərbi-Hava Qüvvələri qarışmalı olub. Finlandiyanın hava məkanında 6 dəqiqədən çox uçan vertolyot iki xəbərdarlıqdan sonra geri - Rusiyaya qayıdıb.
1news.az