Əhməd Davudoğlu: “Putinin açıqlamalarını ciddi qəbul etməyi özümə təhqir sayıram”
“Cozef Baydenlə iki dəfə görüşmüşük, heç birində mənə türk əsgərlərin Mosuldan çəkilməsinin vacibliyi barədə heç nə deməyib”.
APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib. Ə. Davudoğlu diqqətə çatdırıb ki, C. Bayden bu məsələnin Türkiyə və İraq arasında həll edilməli olduğunu bildirib.
Baş nazirin sözlərin görə, Türkiyə sərhədlərinin təhlükəsizliyi sərhədlərdən kənarda başlayır: “İraq və Suriya kimi dövlətlər sərhədlərinə nəzarət edə bilmir. Biz İŞİD və PKK-ya nəzarət edə biləcək bir təhlükəsizlik atmosferi formalaşdırmasaq, Türkiyə daxilində də təhlükəsizliyi təmin edə bilməyəcəyik. Məsələ İraq hökumətində deyil.İraqda güclü təsiri olan üçüncü dövlətlər hərbi mövcudluqlarını ört-basdır edərək diqqəti Türkiyəyə yönəltməyə çalışır. Üçüncü tərəf deyəndə kimi nəzərdə tutduğumu təxmin edirsiniz. Biz bölgədən çəkilsək, boşluğu İŞİD dolduracaq”.
Baş naziri onu da bildirib ki, Rusiya prezidenti Vladimir Putinin sözləri sovet təbliğatı mahiyyətli olduğu üçün bu fikirləri ciddiyə almır: “Mən hazırda Putinin şəxsində Soyuq Müharibə dövrünü keçmiş demokratik Rusiyanın liderini deyil, Rusiya adına danışan sovet zehniyyətli şəxsi görürəm. Putin yəqin "KQB" dövrlərində qalıb. Verdiyi hər açıqlama gülüşə səbəb olur. Bu açıqlamaları ciddi qəbul etməyi özümə təhqir sayıram”.
Xatırladaq ki, Putin illik mətbuat konfransındakı açıqlamasında Türkiyədə olan bəzi şəxslərin ABŞ-a yaltaqlanmaq üçün SU 24 təyyarəsini vurduğunu iddia etmişdi.