Nigeriyada avtosisternin partlaması nəticəsində 100-dən çox insan həlak olub
Nigeriyada maye qaz daşıyan avtosisternin partlaması nəticəsində qeyri-rəsmi məlumata əsasən, azı 100 nəfər həyatını itirib.
1news.az-ın“Interfax” informasiya agentliyinə istinadla verdiyi xəbərgörə, faciə ölkənin cənub şərqindəki Anambra ştatının Nnevi şəhərində yerləşən “Inter Corp Oil” kompaniyasının maye qaz zavodunun yanacaqdoldurma məntəqəsində baş verib. Partlayış zamanı məntəqədə məişət qaz balonlarını doldurmaq üçün növbə gözləyən xeyli insan olub.
Hadisəyə avtosistern sürücüsünün ehtiyatsızlığı səbəbindən baş verdiyi bildirilir.
Şahidlərin sözlərinə görə faciə nəticəsində həlak olanların əksəriyyəti tanınmaz hala düşüb. Yanğın bir neçə saat davam edib.
Həlak olanların dəqiq sayı barədə hələ ki, rəsmi məlumat verilmir. Lakin “Associated Press” agentliyinin əməkdaşı azı 100 cəsəd saydığını deyib.
1news.az