Bina tikintisi ilə məşğul olan şəxslər sadələşdirilmiş vergiyə cəlb ediləcəklər
Məlum olduğu kimi, gələn il Vergi Məcəlləsində bir sıra dəyişikliklər qüvvəyə minəcək.
1news.az-ın məlumatına görə, dəyişikliklərdən biri də bina tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergiyə cəlb edilməsi ilə bağlıdır.
Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər dedikdə özünə məxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və ya müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər başa düşülür.
Vergi Məcəlləsinin dəyişiklikdən əvvəl qüvvədə olan müddəalarına əsasən mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər eyni zamanda həm sadələşdirilmiş verginin, həm də ƏDV-nin ödəyiciləri hesab olunurdular. Vergi Məcəlləsinin 218-ci maddəsinə edilmiş dəyişikliklərə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərə sadələşdirilmiş verginin ödəyicisi olmaq və yaxud bu hüquqdan imtina etməklə ƏDV-nin, mənfəət (gəlir) vergisinin, əmlak vergisinin ödəyicisi olmaq hüququ verilmişdir.
Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər:
1) sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etdikləri halda tikinti-quraşdırma işlərinə başlandığı rübdə tikilən binanın sahəsinin hər kvadratmetri üçün 45 manata Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə əmsallarını tətbiq etməklə sadələşdirilmiş vergi hesablanmalı və hesablanmış vergi bərabər hissələrlə 10 rüb ərzində dövlət büdcəsinə ödənilməlidir. Bu halda hüquqi şəxslər ƏDV-nin, mənfəət vergisinin və əmlak vergisinin, fiziki şəxslər isə ƏDV-nin və gəlir vergisinin ödənilməsindən azad edilirlər.
2) sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etmədikləri halda onlar tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilmə dəyərindən 2 ƏDV, təqdim etmədən əldə edilən gəlirləri ilə gəlirdən çıxılan xərc arasındakı fərqdən yaranan mənfəətdən mənfəət (gəlir) vergisi və həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə əmlak vergisi (hüquqi şəxslər üçün) dövlət büdcəsinə ödənilməlidir Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri (tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi), o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bina tikintisi ilə məşğul olan şəxs binanın yaşayış və qeyri-yaşayış sahələrinin sadələşdirilmiş vergisini ayrılıqda hesablayır. Qeyri-yaşayış sahələrinə əlavə 1,5 əmsal tətbiq edilir.
- yaşayış sahəsi üzrə hesablama: binanın ümumi sahəsi - m2 x 45 manat x zona əmsalı
- qeyri-yaşayış sahəsi üzrə hesablama: binanın ümumi sahəsi - m2 x 45 manat x zona əmsalı x 1,5 əmsal.
Misal 1: Tikinti fəaliyyəti ilə məşğul olan fiziki şəxs Kamran Hüseynov Sumqayıt şəhərində ümumi sahəsi 4000 m2 (3000 m2 – yaşayış və 1000 m2 qeyri-yaşayış sahəsi) olan bina tikir. Onun ödəməli olduğu sadələşdirilmiş vergi və rüblük vergi öhdəliyi aşağıdakı kimi hesablanır:
Misal 2: Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən Bakı şəhəri üzrə 1- ci zonada (4,0 əmsal) ümumi sahəsi 10.000 m2 olan bina tikilir. Layihə-smeta sənədlərinə əsasən tikiləcək binanın ümumi sahəsinin 8.000 m2 yaşayış sahəsi, 2.000 m2 isə qeyri-yaşayış sahəsindən ibarətdir.
Şəxsin bina tikintisi fəaliyyəti ilə bağlı ödəməli olduğu sadələşdirilmiş vergi aşağıdakı kimi hesablanır:
a) Yaşayış sahəsi üzrə: 8.000 m2 x 45 manat x 4 (zona əmsalı) =1.440.000 manat;
b) Qeyri-yaşayış sahəsi üzrə 2.000 m2 x 45 manat x 4 (zona əmsalı) x 1.5 əmsal = =540.000 manat; Cəmi ödənilməli vergi: 1.980.000 manat.
Bu halda şəxs tikinti-quraşdırma işlərinin başlandığı rübdən sonrakı ayın 20-dən gec olmayaraq Vergilər Nazirliyinin müəyyən etdiyi forma üzrə vergi orqanına sadələşdirilmiş verginin bəyannaməsini təqdim edir və hesablanmış vergini bərabər hissələrlə hər rüb üçün 10 faiz həcmində, yəni 198.000 manat məbləğində olmaqla öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödəyir.
Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər hər bir tikinti sahəsi üçün sadələşdirilmiş vergini göstərilən qaydada tikinti-quraşdırma işlərinin başlandığı rübdə hesablayır və həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə təqdim edirlər.
1news.az