Güclü qar Gürcüstanın qərb və şərq bölgələrində həyatı iflic edib
Güclü və aramsız yağan qar Gürcüstanın qərb və şərq bölgələrində ciddi problemlər yaradıb.
Batumi, Kobuleti, Zuqdudi və Tsalendcixa şəhər və rayonlarında qarın hündürlüyü 70 santimetr, bəzi yerlərdə isə 1 metrə çatıb. Temperaturun mənfi 5-10, dağlıq rayonlarda isə 15-20 dərəcəyə enməsi vəziyyəti daha da ağırlaşdırıb. Elektrik naqillərinin qarın ağırlığına tab gətirməyərək qırılması səbəbindən onlarla rayon mərkəzi və kəndlərə elektrik enerjisinin verilişi dayanıb.
Gürcüstanın Kaxeti və Laqodexi rayonlarında da vəziyyət acınacaqlıdır. Bu bölgələrdə qarın hündürlüyü 90 santimetrə çatıb. Havanın temperaturu isə mənfi 10-20 dərəcə arasında dəyişir.
Hökumət strukturları və könüllülər yolların qardan təmizlənməsinə və elektrik enerjisi verilişinin bərpasına çalışırlar.
AZƏRTAC