“Azpetrol” sürücülərin şikayəti ilə bağlı bəyanat yaydı
Son zamanlar mətbuatda avtomobil sahiblərinin yanacaqdoldurma məntəqələrində onlara operatorlar tərəfindən yanacağın düzgün vurulmaması və ya yanacağın az verilməsi barədə şikayətlərinə tez-tez rast gəlinir.
1news.az-ın məlumatına görə, bu kimi hallar “Azpetrol” şirkətinin yanacaqdoldurma məntəqələrində də baş verir.
Adıçəkilən şirkət bununla bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, hər bir avtomobilin yanacaq çəninin tutumu göstərilən ölçüyə (xəttə) qədər olan məsafə nəzərdə tutulur. Müştəri yanacaq çəninin tam doldurmasını sifariş edərkən həmin ölçüdən (xəttdən) yuxarı hissəyə qədər, yəni çənin boğazına kimi doldurulmasını istəyir. Təbiidir ki, bu da yanacaq çəninin normadan artıq yanacaq tutmasına səbəb olur.
“Məsələn, xarici avtomobillərinin markasından asılı olaraq yanacaq çəninə normadan artıq, yəni boğazına qədər daha 6-9 litr əlavə yanacaq vurmaq mümkündür. Sovet maşınlarına, xüsusən “VAZ-2107” markalı avtomobilinə isə normadan artıq 4 litr yanacaq vurmaq mümkündür. Müştərilər yanacağın düzgün vurulmamasından narazı qaldığı halda, bu zaman həmin məntəqənin direktoru tərəfindən müştəriyə operator tərəfindən nə qədər yanacaq vurulmasını məntəqədəki xüsusi ölçmə cihazı (menzurka) vasitəsilə yoxlanılır. Bu zaman əksər hallarda istehlakçının haqsız olduğu ortaya çıxır”- deyə, məlumatda qeyd olunub.
Ölçmə cihazlarında hər hansı bir səhvin olmasını mümkünsüz sayan şirkətdən həmin cihazların Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək möhürləndiyini bildiriblər. Qeyd olunub ki, bu ölçmə cihazları yeni rəqəmsal avtomatlaşdırılmış qaydada idarə olunur. Ona görə də bu cihazlara müdaxilə etmək qeyri-mümkündür.
“Dünyada ən düzgün və dəqiq ölçmə cihazları Yaponiyanın “Tatsuno” və Türkiyənin “Petposan” şirkətləri tərəfindən istehsal olunmuş ölçmə cihazlarıdır. Bizim şirkətin də yanacaqdoldurma məntəqələrində istifadə etdiyi cihazlar yuxarıda qeyd olunan şirkətlər tərəfindən istehsal olunmuş cihazlardır. Bu cihazlar dünyanın ən müasir ölçmə cihazları hesab olunur və cihazların səhv etmək ehtimalı 0-a bərabərdir.
Biz, “Azpetrol” şirkəti olaraq müştərilərimizə hər zaman yüksək xidmət göstərməyə və bizdən razı qalmalarına çalışırıq.
Onu da qeyd edək ki, müştərilərimizə qarşı işçilərimiz tərəfindən göstərilən hər hansı səhv və ya kobud hərəkətə görə Şirkət rəhbərliyi tərəfindən həmişə ciddi tədbirlər görülür”- deyə, şirkətdən bildiriblər.
1news.az