Avropa Yenidənqurma və İnkişaf Bankı: “Azərbaycanın qiymətli kağızlar bazarının yeni mərhələyə qədəm qoyacağına inanırıq”
Yanvarın 29-da Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndə heyəti ilə görüş keçirilib.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Komitənin ictimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, QKDK-nın sədri Rüfət Aslanlı Azərbaycanın beynəlxalq maliyyə institutları ilə uğurla əməkdaşlıq etdiyini, həmçinin AYİB ilə də çoxşaxəli səmərəli əməkdaşlıq əlaqələrinin mövcudluğunu diqqətə çatdırıb. Azərbaycanın kapital bazarının mövcud vəziyyətindən danışan R.Aslanlı qiymətli kağızlar bazarında hüquqi tənzimləmə proseslərinin təkmilləşdirilməsi, bazarda əməliyyat infrastrukturunun müasirləşdirilməsi və avtomatlaşdırılması istiqamətində əhəmiyyətli nailiyyətlərin əldə olunduğunu, habelə bazara yeni maliyyə alətlərinin təqdim olunduğunu qeyd edib.
AYİB-in Qafqaz, Moldova və Belarus üzrə regional direktoru Bruno Balvanera təmsil etdiyi qurum tərəfindən ölkəmizdə həyata keçirilən infrastruktur layihələr, maliyyə institutları ilə əməkdaşlıq və planlaşdırılan yeni layihələr barədə məlumat verib. B.Balvanera AYİB-in daima qeyri-neft və özəl sektorun inkişafına dəstək verdiyini, dünya iqtisadiyyatında baş verən son proseslər fonunda Azərbaycanın qiymətli kağızlar bazarının yeni mərhələyə qədəm qoyacağına inamını ifadə edib. Regional direktor kapital bazarlarının inkişafı strategiyasının ölkəmizdə qeyri-neft sektorunun gücləndirilməsi istiqamətində həyata keçirilən siyasətin bir hissəsi olduğunu diqqətə çatdırıb. B.Balvanera AYİB-in yerli kapital bazarında iştirak etməsinin hər iki tərəf üçün faydalı olacağını vurğulayıb.
Sonda QKDK ilə AYİB-in əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri, qiymətli kağızlar sektorunun üzləşdiyi yeni çağırışlar və tərəfləri maraqlandıran digər istiqamətlər üzrə məsələlərə dair fikir mübadiləsi aparılıb.
1news.az