“Buta Airways” Sankt-Peterburqda təqdimat keçirib - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Buta Airways” Sankt-Peterburqda təqdimat keçirib - FOTO

17:24 - 27 / 10 / 2017
“Buta Airways” Sankt-Peterburqda təqdimat keçirib - FOTO

Sankt-Peterburqda “Buta Airways” aviaşirkətinin turizm agentlikləri üçün təqdimatı keçirilib.

1news.az Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətinə istinadla xəbər verir ki,  təqdimatda Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov, “Vozduşnıe Vorota Severnoy Stoliçi" ("Воздушные Ворота Северной Столицы") MMC-nin kommersiya direktoru Yevgeni İlyin, “Silk Way Travel” turizm agentliyinin nümayəndələri, Rusiyanın kütləvi informasiya vasitələri və yüzdən çox turizm agentliklərinin nümayəndələri iştirak ediblər.  

“Super Avia” şirkətinin turizm üzrə direktoru Olqa Voykina çıxışı zamanı Azərbaycanın turizm imkanları haqqında danışıb. O vurğulayıb ki, Azərbaycanda həm qış və yay istirahəti, həm də ekskursiya və müalicə-sağlamlıq turizmi üçün şərait yaradılıb.

Təqdimatın sonunda hədiyyə uduşları oynanılıb.

Qeyd edək ki, Bakı - Sankt-Peterburq istiqamətində uçuşlar oktyabrın 30-dan etibarən yerinə yetiriləcək. Aviaşirkətin digər istiqamətləri kimi bu istiqamət üzrə də minimal qiymət 29 avro (bir tərəfə) təşkil edir. Uçuşlar çərşənbə axşamı və bazar günündən başqa hər gün yerinə yetiriləcək. Bakıdan uçuş yerli vaxtla saat 08:00-da, Sankt-Peterburqdan uçuş isə yerli vaxtla saat 12:10-da həyata keçiriləcək.

“Büdcə” və “Standart” tarifləri üzrə aviabiletləri rəsmi saytda əldə etmək mümkündür. 10 kq-dək çəkisi olan əl yükü (55x35x20 sm ölçülərini gözləmək şərtilə), çəkisi 23 kq-dək olan baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutan "Super" tarifi üzrə aviabiletləri  agentliklərin bütün satış ofislərində əldə edə bilərsiniz.

Lou-kost aviaşirkət olaraq, “Büdcə” minimal tarifində baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir.

1news.az  

 

Paylaş:
988

Son xəbərlər

Bütün xəbərlər