Azad edilmiş ərazilərdə bütün infrastrukturun fəal bərpası aparılır - Mikayıl Cabbarov
Azərbaycanın azad edilmiş ərazilərində bütün infrastrukturun fəal şəkildə bərpası aparılır.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Türk Şurası ölkələrinin iqtisadiyyat nazirlərinin 10-cu iclasında deyib.
O bildirib ki, Qarabağın azad edilməsi yeni perspektivlər və yeni çağırışlar ortaya çıxarıb:
"Torpaqlarımızın azad edilməsi nəticəsində biz Zəngəzur dəhlizi və Naxçıvanla, Türkiyə ilə birbaşa kommunikasiya, eləcə də Mərkəzi Asiya bazarlarına çıxış barədə danışa bilərik. Azad edilmiş ərazilərdə bütün infrastrukturun fəal şəkildə bərpası aparılır. Bizim bütün layihələrimiz dünya səviyyəli innovativ həllərə uyğun reallaşdırılacaq. Eyni zamanda artıq Ağdam sənaye parkının yaradılması başlanılıb".
Qeyd edək ki, Bakıda keçirilən Türk Şurası ölkələrinin iqtisadiyyat nazirlərinin 10-cu iclasında türk dövlətlərinin rəsmi nümayəndələri, o cümlədən Türkiyənin ticarət naziri Mehmet Muş, Türk Şurasının baş katibi Bağdad Amreyev, Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanov, Qırğızıstanın iqtisadiyyat və maliyyə naziri Akılbek Japarov, Özbəkistanın investisiyalar və xarici ticarət nazirinin müavini Badrıddin Abidov, Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto iştirak edir.