Mikayıl Cabbarov: Qarabağda aktiv bərpa işləri aparılır
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma işləri davam edir və proses daha da sürətlənəcək.
1news.az-ın verdiyi xəbərə görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov çərşənbə günü İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) təşkilatçılığı ilə Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda Qarabağda aktiv bərpa işləri aparılır:
“Dünən hamımıza məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli beynəlxalq hava limanının açılışını etdilər. Bərpa işləri davam edir və bu, daha da sürətlənəcək”.
Nazir qeyd edib ki, işğaldan azad edilmiş ərazilər ölkəmizin və bütövlükdə regionun iqtisadiyyatının inkişafı üçün əlavə drayverə çevriləcək:
“Biz bərpa işlərinə investorları cəlb etməyə davam edirik. Bundan başqa, xarici iş adamları da Azərbaycanın Ələtdəki azad iqtisadi zonasına böyük maraq göstərirlər”.