Yaponiyanın Baş naziri Əli Əsədova məktub göndərib
Yaponiyanın Baş naziri Fumio Kişida Baş nazir Əli Əsədova təşəkkür məktubu ünvanlayıb.
Bu barədə 1news.az-a Nazirlər Kabinetindən xəbər verilib.
Məlumata görə, Yaponiyanın Baş naziri Fumio Kişida ölkəsinin görkəmli dövlət xadimi, sabiq Baş nazir Şinzo Abenin ölümü ilə əlaqədar ona başsağlığı məktubu ünvanladığına görə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova təşəkkür edib.
Təşəkkür məktubunda F.Kişida cari ilin sentyabr ayında Azərbaycan-Yaponiya diplomatik əlaqələrinin qurulmasının 30 illiyinin qeyd olunacağını xüsusi vurğulayıb. İki ölkə arasında müxtəlif sahələrdə geniş əməkdaşlıq münasibətlərinin inkişaf edəcəyinə ümidvarlıq ifadə olunub.
Yaponiyanın Baş naziri bildirib ki, Azərbaycan ilə Yaponiya arasında dostluq münasibətlərini inkişaf etdirmək üçün çalışmış Ş.Abenin iradəsinin davamçısı olaraq ikitərəfli əlaqələrin daha da möhkəmlənməsi istiqamətində səylərini əsirgəməyəcək.
1news.az