“Məğlub ordunun törətdiyi barbarlıq artıq bütün dünyaya bəllidir” - Deputat
1991-1994-cü illərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayəti və onun ətrafındakı 7 rayonun (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı, Zəngilan və Cəbrayıl) əraziləri işğal edilmişdir.
Hərbi təcavüz ölkəmizin 17 min kv. km. ərazini əhatə edən ən məhsuldar torpaqlarının işğalına, yüzlərlə yaşayış məntəqəsinin, sənaye və kənd təsərrüfatı obyektinin, təhsil və səhiyyə ocağının, həmçinin çoxlu sayda mədəniyyət müəssisəsinin, avtomobil yollarının, körpünün, su və elektrik xətlərinin dağıdılmasına səbəb olmuşdur. İşğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektləri xüsusi qəddarlıqla məhv edilmiş və yandırılmışdır.
Azərbayacan əraziləri ordumuz tərəfindən işğalçılardan təmizləndikdən sonra xalqımıza məxsus tarix və mədəniyyət abidələrinin yerlə-yeksan edildiyi, bir qisminə isə toxunulmadığı, lakin saxtalaşdırılaraq erməniləşdirildiyi üzə çıxmışdır. Bununla yanaşı, işğaldan azad edilmiş Qarabağ ərazisində ermənilərin “saxta tarix” istehsal edən müəssisələri də aşkar olunub. Belə ki, ermənilər həmin sexdə tarixi abidələr, daşlar üzərində iş aparır, yeni metodlarla qədim abidələr düzəldirmişlər.
Təəssüf ki, erməni barbarlığı hələ də özünü göstərməyə davam edir. Belə ki, Azərbaycan dövlətinin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, məğlubiyyəti qəbul edə bilməyən ermənilər işğaldan azad edilmiş ərazilərimizi tərk edərkən meşələri və evləri yandırır, geridə salamat heç bir şey qoymamaq üçün əllərindən gələni edirlər. Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində ermənilərin təxribatlarından və Zabux və Sus kəndlərini boşaldılmasından danışan Azərbaycan prezidenti İlham Əliyev tezliklə sakinlərin həmin kəndlərə qaytarılacağını qeyd etmişdi.
Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisinin deputatı Elman Nəsirov deyib ki, Ermənistan silahlı qüvvələri həm Birinci, həm də İkinci Qarabağ müharibəsində özlərinin əsl simasını, hətta, simasızlığını ortaya qoydu.
"Ermənistan silahlı qüvvələri həm Birinci, həm də İkinci Qarabağ müharibəsində özlərinin əsl simasını, hətta mən deyərdim ki, simasızlığını ortaya qoydu. Məğlub ordunun törətdiyi barbarlıq artıq bütün dünyaya bəllidir. Ali Baş Komandanımız İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, işğaldan azad olunmuş ərazilərimizə baxanda belə bir qənaətə gəlirsən ki, sanki vəhşi bir qəbilə buradan keçib. Bu proses yenə də davam edir. Xatırlayırsınızsa, Kəlbəcərin Azərbaycana qaytarılması müddətinin daha 10 gün uzadılmasını xahiş etmişdilər və Azərbaycan humanizm prinsiplərindən çıxış edərək buna razı olmuşdu. Amma ermənilər hər şeyi dağıdır, yandırır, məhv edir və beləliklə də əsl kimliklərini ortaya qoyurdular. Hətta cənab prezident Azərbaycan televiziyasına son müsahibəsində də qeyd etdi ki, ermənilər evləri tərk edərkən insanın dilə gətirərkən belə utandığı müəyyən aksesuarları kürəklərində daşıyırdılar. Hazırda isə avqustun 5-ə qədər Laçın rayonunun ətraf kəndlərindən çıxmalıdırlar. Cənab prezident bunu da vurğuladı ki, orada bəzi nüfuzlu ermənilər var və onlar “bunları etmək lazım deyil. Biz özümüzü ifşa edirik və bütün dünya necə barbar olduğumuzu görür” deyərək həmin vandal hərəkətləri törədənlərin qarşını kəsməyə çalışırlar".
"Əgər Ermənistan ikitərəfli qaydada danışıqlardan və təzminatdan imtina etsə, Azərbaycanın digər hüquqi addımlar atması və ekspertlərin hesablamalarının nəticələrini müvafiq beynəlxalq instansiyalara verməyimiz labüd prosesdir" - deyə sözlərinə davam edən E.Nəsirov həm informasiya savaşında addımlar atmağın, həm də hüquqi müstəvidə sənədləşdirmələrə davam etməyin labüdlüyünü qeyd edib:
"Ancaq cənab prezidentin tapşırığı ilə müvafiq addımlar atılmaqdadır. Ekspertlərdən ibarət komisiya yaradılıb və Azərbaycana vurulmuş ziyanın həcmi qiymətləndirilməkdədir. Hər şeyin zamanı var. Ermənistandan təzminat ödənilməsi tələb ediləcək. Bunu ikitərəfli qaydada həll edək ki, beynəlxalq instansiyalara müraciət etməyə ehtiyac qalmasın. Əgər Ermənistan ikitərəfli qaydada danışıqlardan və təzminatdan imtina etsə, Azərbaycanın digər hüquqi addımlar atması və ekspertlərin hesablamalarının nəticələrini müvafiq beynəlxalq instansiyalara verməyimiz labüd prosesdir. Ermənilərin Azərbaycana qarşı bütün barbar hərəkətlərinin hamısı sənədləşdirilib. Foto və video görüntülərin hamısı saxlanılır ki, həmin təzminatın ödənilməsi ilə bağlı məsələrlə məşğul olan komisiyanın əlində tutarlı informasiyalar olsun. Azərbaycan dövləti bütün xarici qonaqları, səfirləri, diplomatik nümayəndə heyətlərini, beynəlxalq təşkilatların nümayəndələrini işğaldan azad olan rayonlara göndərir ki, Ermənistanın törətdiyi vəhşilikləri kitablardan, qəzetlərdən, saytlardan oxumasınlar, öz gözləri ilə görsünlər. Yəni biz həm informasiya savaşında addımlarımızı atırıq, həm də hüquqi müstəvidə sənədləşdirmələr gedir ki, bir x günündə ortaya sənədlər qoyaq və təzminatımızı tələb edək".
Ayşən İsmayılova