“Bu günə kimi 4 minə yaxın soydaşımız haqqında Ermənistan tərəfindən heç bir məlumat verilmir” - Deputat
30 Avqust Beynəlxalq İtkinlər Günüdür. Bu mövzu Azərbaycan üçün də ən ağrılı məsələlərdən biridir. Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın təcavüzü nəticəsində itkin düşmüş minlərlə Azərbaycanlının taleyindən hələ də xəbər yoxdur.
Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində I Qarabağ müharibəsində 3890 nəfər Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslər içərisindən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı insanlar olub. Bəs nəyə görə bu məsələyə hələ də beynəlxalq səviyyədə reaksiya verilməyib?
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cavid Osmanov 1news.az-a açıqlamasında bununla bağlı Ermənistana beynəlxalq ictimaiyyət tərəfindən çox ciddi təzyiqlər göstərilməli olunduğunu qeyd edib:
"Ermənistan hərbi birləşmələri quldurları və terrorçuları tərəfindən xalqımıza qarşı zaman-zaman müxtəlif hərbi cinayətlər törətmişdilər. Elə Birinci Qarabağ müharibəsində itkin düşmüş və bu günə kimi taleyinə aydınlıq gətirilməyən 4 minə yaxın soydaşımız haqqında Ermənistan tərəfindən heç bir məlumat verilmir. Ermənistan vətən müharibəsi bitdikdən sonra ilk vaxtlar bunu təkzib edirdi. Və, çox təəssüf ki, bu günə kimi də beynəlxalq ictimaiyyət Ermənistana heç bir təsir və təzyiq göstərmir. Düşünürəm ki, torpaqlarımız işğaldan azad olunduqdan sonra Fərrux kəndində çoxlu sayda insan qalıqlarının tapılması, o cümlədən digər ərazilərimizdə də belə faktların olması Ermənistan hərbi siyasi rəhbərliyinin hərbi cinayətlər törətdiyini göstərir. Onlar eyni zamanda Cenevre konvensiyasını və bütün beynəlxalq humanitar normaları kobudcasına pozmuşdular. Çox təəssüf ki, dünya ölkələri, beynəlxalq təşkilatlar və Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistana bununla bağlı heç bir təsir göstərmir və sadəcə göz yumurlar. Düşünürəm ki, artıq Ermənistana beynəlxalq ictimaiyyət tərəfindən bununla bağlı çox ciddi təzyiqlər göstərilməlidir. Hətta yeri gəlsə, sanksiyalar da tətbiq edilməlidir ki, 4 minə yaxın soydaşımız haqqında məlumatlar və Ermənistan tərəfindən kütləvi şəkildə bastırılmış soydaşlarımızın yerlərinin dəqiq koordinatları Azərbaycana təqdim edilsin".
"İkinci Qarabağ müharibəsində torpaqlarımız işğaldan azad edilib, amma Ermənistanın mina terroruna görə bu ərazilərdə böyük axtarışlar həyata keçirmək qeyri-mümkündür" deyə sözlərinə davam edən C.Osmanov Ermənistana ciddi təzyiqlər göstərilməli olunduğunu, əks halda Azərbaycan Ermənistanı məcbur etmək yollarını yaxşı bildiyini vurğulayıb:
"Bəli, bu gün Qarabağ azaddır. İkinici Qarabağ müharibəsində torpaqlarımız işğaldan azad edilib, amma Ermənistanın mina terroruna görə bu ərazilərdə böyük axtarışlar həyata keçirmək qeyri-mümkündür. Bu baxımdan da, Ermənistana ciddi təzyiqlər göstərilməlidir. Əks halda Azərbaycan Ermənistanı məcbur etmək yollarını yaxşı bilir".
Ayşən İsmayılova