Deputat: “Keçirilən görüşlərin hər birində Azərbaycan qarşısına qoyduğu məqsədlərə nail olur” | 1news.az | Xəbərlər
Siyasət

Deputat: “Keçirilən görüşlərin hər birində Azərbaycan qarşısına qoyduğu məqsədlərə nail olur”

Qafar Ağayev13:45 - 01 / 09 / 2022
Deputat: “Keçirilən görüşlərin hər birində Azərbaycan qarşısına qoyduğu məqsədlərə nail olur”

“Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan bütün addımları, o cümlədən Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən 3 tərəfli görüşləri olduqca vacib və səmərəli hesab edirəm”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

Deputat bildirib ki, sayca 4-cü olan bu görüşdə müzakirə olunan məsələlər Azərbaycanın məqsəd və məramlarına tam uyğundur və bu formatda keçirilən görüşlərin hər birində Azərbaycan qarşısına qoyduğu məqsədlərə nail olur.

“Bu dəfəki görüşdə də Azərbaycan və Ermənistan arasında sülh Müqaviləsinin hazırlanması, münaqişə dövründə itkin düşmüş vətəndaşların axtarışı, ərazilərin minalardan təmizlənməsi və eləcə də iki ölkə arasında nəqliyyat kommunikasiya vasitələrinin açılması kimi məsələlər müzakirə mövzusu olub və bunların hər biri Azərbaycanın marağında və gündəliyində olan məsələdir. Ona görə də bu formatda baş tutan görüşləri sülh danışıqlarının irəliləməsi baxımından önəmli hesab edirəm”.

Cavanşir Feyziyevin sözlərinə görə, Azərbaycanın istədikləri 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatda və daha sonra qəbul olunmuş digər üçtərəfli bəyanatlarda öz əksini tapıb.

Cavanşir Feyziyev

Deputat deyib ki, Ermənistan rəhbərliyinin bu sənədlərin hamısına imza atsa da bəzən üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsindən yayınmağa çalışdığını da müşahidə edirik.

“Bu cür görüşlər məhz Ermənistana öz öhdəliklərini vaxtaşırı xatırlatmaq və onların yerinə yetirilməsini addım-addım təmin etmək baxımından səmərəli bir vasitədir. Artıq xəbər verildiyi kimi, son görüşdə nəzərdə tutulan Sülh Müqaviləsinin mətni üzərində işləmək üçün bir ay ərzində hər iki ölkənin Xarici İşlər Nazirliyi səviyyəsində görüşün keçirilməsi haqqında razılıq əldə olunub. Bu da sülh əldə olunması üçün hadisələrin sürətləndirilməsi baxımından önəmlidir. Brüssel görüşündə müzakirə olunan digər məsələlər də məhz Azərbaycanın irəli sürdüyü və Ermənistan tərəfindən müvafiq addımların atılmasını tələb etdiyi məsələlərdir. Bu baxımdan bu görüşlərin hər birini ölkəmiz üçün uğurlu adlandırmaq olar”.

“Görüşlər rəsmən üç tərəf arasında keçirilsə də əslində bütün Avropanın diqqət mərkəzində olur və hər görüşdən sonra Avropa İttifaqı Şurası prezidenti Şarl Mişelin müvafiq açıqlamaları görüşün məzmunu barədə müəyyən təsəvvürlər yaradır” – deyə, C.Feyziyev əlavə edib:

“Beləliklə, Azərbaycanın obyektiv mövqeyi və haqlı tələbləri təkcə görüş iştirakçıları arasında deyil, eyni zamanda bütün Avropa məkanında eşidilir. Keçmişdə uzun illər ərzində ATƏT-in Mİnsk Qrupu çərçivəsində məxfi şəkildə aparılmış danışıqların acı təcrübəsi bizə yaxşı məlumdur. Elə bu səbəbdən də hazırkı formatda şəffaf şəkildə aparılan danışıqlar bizi də qane edir və şəffaflıq kimin kim olduğunu daha aydın göstərir. Digər tərəfdən, bu görüşlərin təşəbbüskarı və təşkilatçısı kimi çıxış edən Avropa İttifaqı Şurası prezidenti də görüşlərin faydalı olmasında maraqlıdır, çünki bu görüşlərin nəticələri şəxsən onun özünün və təmsil etdiyi Avropa İttifaqının siyasi nüfuzu ilə birbaşa bağlı olacaq. Ona görə də belə düşünürəm ki, cənab Şarl Mişelin timsalında Avropa İttifaqı özü də bu danışıqların effektiv olmasında Azərbaycan qədər maraqlıdır”.

İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan

Qeyd edək ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığının paytaxtı Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib.

Paylaş:
462

Son xəbərlər

Bütün xəbərlər