“Paris-2024”: Azərbaycan parataekvondoçusu 1/4 finala yüksəlib
Azərbaycan parataekvondoçusu Əbülfəz Abuzərli (K44 kateqoriyası) “Paris-2024” Yay Paralimpiya Oyunlarında ilk görüşünü keçirib.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, 80 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda filippinli Allan Keanu Qanapinlə qarşılaşıb.
Rəqibini 12:9 hesabı ilə məğlub edən parataekvondoçumuz 1/4 finala vəsiqə əldə edib.
Paraüzgüçü Könül Süleymanova isə (S12 kateqoriyası) 50 metr məsafəyə arxası üstə üzmə yarışında final mərhələsinə yüksələ bilməyib.
Qeyd edək ki, hazırda Azərbaycan millisinin aktivində iki medal var. Parataekvonduçulardan İmaməddin Xəlilov (K44 kateqoriyası, 70 kiloqram) Paralimpiya çempionu olub, Sabir Zeynalov (K44 kateqoriyası, 58 kiloqram) isə bürünc mükafat qazanıb.