Könül Behbudova: Xocalıda aşkarlanan insan qalıqları yeddi itkinin ailəsinə təsəlli olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Könül Behbudova: Xocalıda aşkarlanan insan qalıqları yeddi itkinin ailəsinə təsəlli olacaq

Qafar Ağayev16:02 - 01 / 05 / 2025
Könül Behbudova: Xocalıda aşkarlanan insan qalıqları yeddi itkinin ailəsinə təsəlli olacaq

“Mənim qardaşım Behbudov Abbas da Birinci Qarabağ müharibəsində itkin düşüb, onu 1992-ci ildə Qarabağ müharibəsində itirmişəm”.

1news.az xəbər verir ki, bunu bu gün Xocalıda aşkarlanan insan qalıqlarına baxış zamanı jurnalistlərə açıqlamasında Qarabağ İtkin Ailələri İctimai Birliyinin sədri Könül Behbudova deyib.

Eyni zamanda bu gün burada 4000-ə yaxın itkin ailəsini təmsil edirəm, onların ailə üzvlərinin kədərini, acısını çatdırıram.

Bu gün Xocalıda insan qalıqlarının aşkarlanmasını izləmək mənim üçün son dərəcə ağırdır. Çünki mən də doğmamı itirmişəm. Artıq 30 ildir ki, onun taleyi haqqında heç bir məlumat ala bilmirəm. Mənim kimi yol gözləyən analar, itkinlərimizin həyat yoldaşları, bacıları bu faciəni hər gün yaşamağa davam edirlər”.

O, bildirib ki, ümumilikdə dörd minə yaxın vətəndaşımız itkin düşüb.

“Onlardan altı nəfər 2020-ci oildə Vətən müharibəsin zamanı itkin düşüb. Təəssüf ki, bu şəxslərin də taleyi hələ də məlum deyil və onların ailələri heç bir məlumat ala bilmirlər.

Biz, itkin ailələri uzun illərdir ki, böyük əzab və iztirablar yaşamışıq. Analarımız 30 ildən çoxdur ki, ümidlə yol gözləyirlər”.

K.Behbudova qeyd edib ki, 2020-ci ildə Azərbaycan Ordusunun Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 28 ildən sonra Qarabağ torpaqlarının işğaldan azad olunması bizim üçün böyük bir ümid yaratdı.

“Çünki bizim əzizlərimiz, doğmalarımız Qarabağ torpaqlarında itkin düşüb. Biz inanırdıq ki, torpaqlarımız azad edildikdən sonra itkinlərimizin axtarışı başlayacaq. Şükürlər olsun ki, bu gün mina təmizləmə və qazıntı işləri zamanı kütləvi məzarlıqlar aşkar olunmağa başlayıb.

Ancaq bu gün ürək ağrısı ilə qeyd etmək istəyirəm ki, aşkarlanan məzarlıqlarda zorakılıq izləri görünməkdədir. İnsanların hansı işgəncələrlə, hansı əzablarla həyatlarını itirdikləri danılmaz bir faktdır.

Artıq 30 ildən çoxdur ki, itkin ailərinin hüquqlarımızın pozulması ilə üzləşirik. 1999-cu ildə Cenevrə Konvensiyalarına əsasən, silahlı münaqişə zamanı itkin düşmüş şəxslərin ailələrinin onların taleyi haqqında məlumat almaq hüququ vardır. Lakin bizim bu hüququmuz pozulmuşdur. Biz yaxınlarımız haqqında heç bir məlumat ala bilməmişik və bu günə qədər bu ağrını yaşamışıq.

Hər aşkarlanan bir kütləvi məzarlıq, hər yeni tapıntı bizim üçün bir təsəllidir. Bu sahədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə aparılan bütün tədbirlər, hüquqi və texniki proseslər bizim yaralarımıza məlhəm olur.

Bu gün artıq, yanılmıramsa, 25-ci kütləvi məzarlıq aşkarlanıb. Bu, yeddi itkinin ailəsinə təsəlli olacaq, onların gözləri daha yolları gözləməyəcək.

İnanırıq ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi bu təcavüz və dağıntılara görə beynəlxalq hüquq çərçivəsində Ermənistan məsuliyyət daşıyacaq və Azərbaycan qarşısında təzminat ödəyəcək”.

Foto: Nadir İbrahimli

Paylaş:
76

Son xəbərlər

Bütün xəbərlər