QDF işğaldan azad edilmiş ərazilərin bərpası üçün ianələrin cəlb edilməsi məqsədi ilə donor və tərəfdaşları ilə görüş təşkil edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

QDF işğaldan azad edilmiş ərazilərin bərpası üçün ianələrin cəlb edilməsi məqsədi ilə donor və tərəfdaşları ilə görüş təşkil edib - FOTO

Qafar Ağayev10:48 - 27 / 05 / 2025
QDF işğaldan azad edilmiş ərazilərin bərpası üçün ianələrin cəlb edilməsi məqsədi ilə donor və tərəfdaşları ilə görüş təşkil edib - FOTO

Mayın 26-da Qarabağ Dirçəliş Fondunun (QDF) və “Opalus Partners Group” şirkətinin birgə təşkilatçılığı ilə işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində görülən işlərə dəstək göstərilməsi məqsədilə “Məqsəd, Etimad və Vəhdət: Qarabağın dirçəlişi üçün korporativ liderliyin səfərbər edilməsi” mövzusunda görüş keçirilib.

Fonddan 1news.az-a verilən məlumata görə, “Qarabağ Dirçəliş Fondunun Dostları” işgüzar platforması çərçivəsində baş tutan tədbirdə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktorun müşaviri İlqar Nuri, “Opalus Partners Group” şirkətinin direktoru Çimnaz Qasımova, eləcə də Fondun donor və tərəfdaşları, bir sıra dövlət qurumlarının və şirkətlərin nümayəndələri iştirak ediblər.

Görüşün məqsədi işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, o cümlədən Fondun fəaliyyəti və həyata keçirdiyi layihələrlə bağlı məlumatların təqdim olunması, eləcə də qurumların/şirkətlərin əməkdaşları arasında ianəçilik mədəniyyətinin təşviq olunması istiqamətində fikir və təcrübə mübadiləsinin aparılması olub.

Tədbirdə çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa-quruculuq işlərinin sürətlə davam etdirildiyini bildirərək, Fondun bu istiqamətdə həyata keçirdiyi layihələrdən danışıb.

İdarə Heyətinin sədri QDF-in fəaliyyətinin prioritet istiqamətləri, eləcə də Fondun bu günə qədəki maliyyə göstəricilərini diqqətə çatdırıb.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov işğaldan azad edilmiş ərazilərdə təhsil sisteminin yenidən qurulması və ixtisaslı kadrların hazırlanması istiqamətində Qarabağ Dirçəliş Fondu ilə əməkdaşlığın perspektivləri ilə bağlı fikirlərini bölüşüb.

Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktorun müşaviri İlqar Nuri Azərbaycanda ianə mədəniyyətindən və işğaldan azad edilmiş ərazilərin bərpasında ianəçiliyin rolundan danışıb. Qarabağ Dirçəliş Fondunun bir sıra layihələrində donor və tərəfdaş kimi iştirak etdiklərini deyən İlqar Nuri digər şirkətləri QDF-lə yaxından əməkdaşlıq etməyə və bununla da Qarabağın bərpasına və dirçəldilməsinə töhfə verməyə çağırıb.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyəti sədrinin müşaviri Rəşad Qasımzadə Fond tərəfindən maliyyə dəstəyi ayrılan və icra olunan layihələrlə bağlı geniş təqdimatla çıxış edib.

Daha sonra Fondun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırova Fondun fandreyzinq layihələri və ianə imkanları ilə bağlı məlumat verib (İanə üsulları ilə ətraflı burada tanış ola bilərsiniz: https://qdf.gov.az/iane-imkanlari/).

28 May tarixində Müstəqillik Gününün, 22 iyul tarixində isə milli mətbuatın yaradılmasının 150 illiyinin qeyd olunacağını xatırladan Pərvin Bağırova, tədbir iştirakçılarını bu əlamətdar günlər münasibətilə Fonda ianə edərək Qarabağın bərpası kimi mühüm bir missiyanın iştirakçısı olmağa dəvət edib (Hədiyyə ianə sertifikatı üçün bura daxil olun: https://qdf.gov.az/iane-imkanlari/hediyye/.

Pərvin Bağırova Fondun həyata keçirdiyi bir sıra layihələr – “Qarabağın Rəngləri”, “Dirçəliş Kuboku” futbol turniri, “Qarabağ Gecəsi” xeyriyyə konserti, “Nə? Harada? Nə zaman?” intellektual xeyriyyə turniri ilə bağlı da geniş məlumat verib, ictimai təşəbbüsləri dəstəkləməklə sosial təsirin gücləndirilməsinin vacibliyini vurğulayıb.

26 iyunda 2025-ci il tarixində “Qarabağ Gecəsi” adlı növbəti xeyriyyə konsertinin keçiriləcəyini diqqətə çatdıran Pərvin Bağırova hər kəsi bilet alaraq işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində görülən işlərə dəstək olmaları üçün çağırış edib.

Görüşün sonunda korporativ könüllülük prinsiplərinin təşviqi, əməkdaşların bilik, bacarıq və resurslarının sosial fayda naminə yönləndirilməsi, eləcə də bu istiqamətdə ictimai maraqlı təşəbbüslərin stimullaşdırılması ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda xatirə şəkli çəkilib.

Paylaş:
95

Son xəbərlər

Havada toz müşahidə olunur

30 / 05 / 2025, 12:40
Bütün xəbərlər