BMT və Azərbaycan arasında yeni anlaşma memorandumu imzalanıb - FOTO
BMT və Azərbaycan arasında korporativ məsuliyyəti və dayanıqlı biznesi təşviq etmək üçün Anlaşma Memorandumu imzalanıb.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, sənədi BMT-nin Azərbaycandakı əlaqələndiricisi Vladanka Andreyeva və İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədr əvəzi Osman Xaliyev imzalayıb.
V.Andreyeva bildirib ki, 3 il müddətinə imzalanmış memorandumu Dayanıqlı İnkişaf Məqsədləri üzrə milli hədəflərlə uyğunlaşdırılmış 5 sosial-iqtisadi inkişaf prioritetini əhatə edəcək:
"Tərəflər həmçinin BMT-nin Qlobal Sazişinin əmək-insan hüquqları, ətraf mühitin mühafizəsi və korrupsiyaya qarşı mübarizəyə dair 10 prinsipini Sahibkarlığın İnkişafı Fondu, eləcə də nazirlik yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin maliyyə alətləri və proseslərinə inteqrasiya etmək üçün birgə tədbirlər görəcəklər. Biz bu çərçivədə işləməyə hazırıq".
Qeyd edək ki, 160-dan çox ölkədən 12 min şirkət və 3 min qeyri-biznes qurumunu, eləcə də 60-dan çox yerli şəbəkəni bir araya gətirən BMT-nin Qlobal Sazişi dünyanın ən böyük korporativ dayanıqlılıq təşəbbüsüdür. Bu saziş şirkətləri öz strategiya və fəaliyyətlərini 10 prinsipə uyğunlaşdırmağa, BMT-nin 2039-cu ilə qədərki Dayanıqlı İnkişaf Gündəliyinə töhfə verməyə çağırır. Sənədin 10 prinsipi İnsan Hüquqları haqqında Ümumi Bəyannamə, İşdə əsas prinsiplər və hüquqlar üzrə Beynəlxalq Əmək Təşkilatının Bəyannaməsi , Ətraf Mühit və İnkişaf haqqında Rio Bəyannaməsi və BMT-nin Korrupsiya əleyhinə Konvensiyası əsasında hazırlanıb.