Yanlış hava proqnozu iki vəzifəli şəxsi işindən etdi
Macarıstanda Milli Meteorologiya Agentliyinin baş direktoru Kornelia Radiç və onun müavini Qyula Horvat agentliyin qeyri-dəqiq hava proqnozları verməsindən sonra vəzifələrindən azad ediliblər.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdə şənbə günü Macarıstan dövlətinin minilliyini qeyd etmək üçün nəhəng atəşfəşanlıq planlaşdırılıb, lakin meteorologiyanın həmin gün üçün fırtına və güclü külək gözlənildiyi xəbərdarlığından sonra tədbirlər ləğv edilib.
Proqnozlaşdırılan pis hava şəraitinin qeydə alınmamasından sonra Viktor Orban hökumətinə yaxın media qurumları Milli Meteorologiya Agentliyini tənqid edib, Macarıstanın Texnologiya və Sənaye naziri Laszlo Palkoviçs Kornelia Radiç və onun müavini Gyula Horvatı vəzifəsindən azad edib.
Xatırladaq ki, 2006-cı ildə Dunay çayı sahillərində keçirilən və təxminən 1 milyon insanın iştirak etdiyi bayram tədbirləri zamanı başlayan tufan fəlakətə səbəb olmuş, 5 nəfər həlak olmuş, yüzlərlə insan yaralanmışdır.