Nazir: “TDT-nin Strateji Yol Xəritəsinin qəbul edilməsinə xüsusi əhəmiyyət veririk”
"İlk öncə, qardaş Türkiyənin Bartın şəhərində kömür mədənində baş vermis partlayış zamanı həyatını itirənlərə Allahdan rəhmət, onların ailələrinə və yaxınlarına səbr diləyirəm. Yaralıların tezliklə sağalmasını arzulayıram.
Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Fövqəladə iclasında iştirak etməkdən məmnunam. Türkiyə Respublikasının xarici işlər naziri, qardaşım Mevlüt Çavuşoğluya bizə göstərdiyi qonaqpərvərliyə və bu tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürümü bildirirəm. Gözəl İstanbul şəhərində yenidən bir arada olmaqdan məmnunam".
1news.az xəbər verir ki, bunu xarici işlər naziri cənab Ceyhun Bayramovun Türk Dövlətləri Təşkilatinin Xarici İşlər Nazirləri Şurasinin Fövqəladə İclasında çıxışı zamanı deyib.
O bildirib ki, Türkiyənin sədrliyi dövlətlərimiz arasında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinə töhfə verən çox saylı tədbir və fəaliyyətlər ilə zəngin olub.
"İnanıram ki, bugünkü müzakirələrimiz 11 Kasım 2022-ci ildə Özbəkistanda təşkil ediləcək növbəti Zirvə görüşünə hazırlıq baxımından faydalı olacaq. Qardaş Özbəkistanın Təşkilatımıza üzv olduqdan sonra ilk dəfə belə bir Zirvəyə ev sahibliyi edəcəyi faktı öz özlüyündə böyük rəmzi əhəmiyyətə malikdir. Bundan əlavə, əminik ki, növbəti Zirvə görüşü Təşkilatımızın daha da güclənməsində mühüm bir mərhələ təşkil edəcək. Zirvə Görüşü zamanı bir sıra mühüm sənədlərin, o cümlədən Türk Dövlətləri Təşkilatının 2022-2026-cı illər üzrə Strateji Yol Xəritəsi, Təşkilatın Prosedur Qaydaları və digər sənədlərin qəbul olunması nəzərdə tutulur. Ümid edirəm ki, ekspertlərimiz bu sənədlərin Zirvə görüşünə qədər tamamlanmasına nail olacaqlar. Bu xüsusda konstruktiv əməkdaşlığa görə bütün üzv və müşahidəçi dövlətlərə, eyni zamanda TDT-nin Baş katibi cənab Bağdat Amreyevə və Katibliyin heyətinə gərgin rejimdə səmərəli iş fəaliyyətinə görə təşəkkürümü bildirmək istərdim".
Ceyhun Bayramov qeyd edib ki, biz TDT-nin 2022-2026-cı illər üzrə Strateji Yol Xəritəsinin qəbul edilməsinə xüsusi əhəmiyyət veririk. Hesab edirik ki, bu sənəd qısa və hədəf yönümlü olmaqla, qarşıya qoyulan məqsədə çatmağa imkan verəcək.
"Bundan əlavə, Katibliyin heyətində bir sıra dəyişikliklərin baş verməsi də bizim gündəliyimizdədir. Azərbaycan davamlı olaraq, Katibliyin gücləndirilməsinin tərəfdarı kimi çıxış edir və bu anlayışla hərəkət edərək üzv və müşahidəçi dövlətlər tərəfindən irəli sürülən namizədlərin hər biri tərəfimizdən dəstəklənmişdir. Eyni zamanda, Azərbaycan tərəfi də Türk Akademiyasının Prezidenti və TDT-nin Baş katibinin müavini vəzifələri üçün öz namizədlərini təqdim etmişdir, həmin namizədlərin dəstəklənəcəyinə ümid edirik. Növbəti Zirvəyə doğru irəlilədiyimiz bir vaxtda Təşkilat çərçivəsində, habelə ikitərəfli əsasda əlaqələrimizin inkişaf etdiyini, dialoqun intensivləşdiyini müşahidə etmək məmnunluq doğurur. Bu kontekstdə, Zati-Aliləri cənab Prezident İlham Əliyevin Türkiyə, Özbəkistan və Qırğızıstan və Qazaxıstana son səfərləri dövlətlərimiz arasında əlaqələrin ortaq düşüncə və qarşılıqlı maraqlara söykənən xüsusi xarakterli münasibətlər olmasını bir daha nümayiş etdirmişdir".
Azərbaycanın XİN başçısı Şuşa şəhərinin Türk dünyanın 2023-cü ildə mədəniyyət paytaxtı seçilməsinə verilən xüsusi əhəmiyyətdən də söz açıb. Qeyd edib ki, təşkilatın Şuşa şəhərinin təbliğ və təşviq edilməsində xüsusi rol oynadığını, burada Təşkilatın himayəsi ilə müxtəlif tədbirlərin təşkil edilməsini məmnunluqla izləyirik.
"Bu xüsusda, 16 sentyabr 2022-ci ildə keçirilmiş Şuşa Türk Biznes Forumu Azərbaycanın azad edilmiş Qarabağ bölgəsinin dağıdıcı işğaldan sonra inkişafının dəstəklənməsinin konkret istiqamətlərinin müəyyən edilməsində Təşkilatın oynaya biləcəyi rolun və xüsusi istiqamətlərin müəyyən edilməsi baxımından olduqca faydalı olduğuna inanırıq. Eyni qaydada, Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin rəsmi beyin mərkəzlərinin bu ilin iyul ayında Şuşada keçirilmiş görüşü də dövlətlərimiz arasında əməkdaşlıq və tərəfdaşlığın inkişaf etdirilməsi ilə bağlı ciddi müzakirələrin aparılması üçün vacib bir platform olmuşdur".
Ceyhun Bayramov əlavə edib ki, geniş coğrafiyamızda baş verən sürətli proseslər və regionumuzun, eləcə də ümumilikdə türk coğrafiyasının əhəmiyyətinin artması fonunda, bir tərəfdən ortaya çıxan yeni çağırışlarla mübarizənin səmərəli təşkili, digər tərəfdən isə yeni fürsətlərin xalqlarımızın və dövlətlərimizin mənafeləri naminə reallaşdırılması məqsədilə birgə fəaliyyətimiz gücləndirilməlidir.
"Bu məqsədlərə nail olmaq üçün TDT çox əhəmiyyətli platformadır. Azərbaycan tərəfi TDT-nin fəaliyyətini hər zaman dəstəkləyir və bundan sonra da TDT-nin çətiri altında qardaş xalqlarımız arasında münasibətlərin daha da möhkəmləndirilməsi üçün səy göstərəcəkdir. Bu xüsusda, TDT-nin əlaqəli qurumları da fəaliyyətlərinin daha artırması, o cümlədən Koordinasiya Komitəsinin işinin gücləndirilməsi olduqca vacibdir. İnanıram ki, dost və qardaş dövlətlərimiz qarşıya qoyulan bütün məqsədlərə çatmaq üçün çiyin-çiyinə fəaliyyətlərini davam etdirərək, Türk dünyasının parlaq gələcəyinə bundan sonra da töhfə verməyə davam edəcəklər. Bir daha iclasın yüksək səviyyədə təşkilinə görə Türkiyə tərəfinə, xüsusilə qardaşım Mevlüt Çavuşoğluna təşəkkürlərimi bildirir, gələn ay qardaş Özbəkistanda yenidən görüşmək ümidi ilə çıxışımı bitirirəm".
1news.az