Avstraliyada texnologiya nəhənglərinə yeni öhdəlik: Yerli media ilə razılaşmayanlar vergi ödəyəcək | 1news.az | Xəbərlər
Dünya

Avstraliyada texnologiya nəhənglərinə yeni öhdəlik: Yerli media ilə razılaşmayanlar vergi ödəyəcək

Qafar Ağayev15:42 - Bu gün
Avstraliyada texnologiya nəhənglərinə yeni öhdəlik: Yerli media ilə razılaşmayanlar vergi ödəyəcək

Avstraliya texnologiya şirkətlərinin rəqəmsal platformalarında istifadə etdikləri xəbər məzmununa görə yerli media qurumları ilə kommersiya razılaşmaları bağlamadıqları halda milyonlarla dollar vergi ödəməsini nəzərdə tutan qanun qəbul edib.

1news.az xəbər verir ki, bu barədə SBS News məlumat yayıb.

Yeni qanuna əsasən, böyük texnologiya şirkətləri platformalarında istifadə etdikləri xəbər məzmununa görə yerli media qurumları ilə kommersiya razılaşmaları bağlamalıdır.

Şirkətlər bu cür razılaşmalar əldə etmədikləri halda yerli reklam gəlirlərinin 2,5 faizi həcmində vergi ödəməli olacaqlar.

Vergi Avstraliyada “əhəmiyyətli” sosial media və ya axtarış xidməti göstərən, eyni zamanda yerli reklam gəlirləri müəyyən edilmiş həddi keçən şirkətlərə şamil ediləcək.

Qanunun əhatə dairəsinə “Meta”, “Google”, “TikTok” və “LinkedIn” kimi texnologiya şirkətlərinin daxil olacağı bildirilir.

Toplanacaq vəsaitin Avstraliyanın yerli xəbər təşkilatlarına yönəldilməsi nəzərdə tutulur.

Qanuna əsasən, bağlanacaq kommersiya razılaşmaları xəbər məzmununun istehsalını dəstəkləməli və ya platformalarda onlayn əlçatan olan, nəşriyyatlar tərəfindən hazırlanmış xəbər materialları ilə bağlı olmalıdır.

Avstraliya hökumətinin açıqlamasında qanunun artıq qüvvəyə mindiyi bildirilib.

“Qanun qüvvəyə minib və platformalara kommersiya razılaşmaları bağlamaları ilə bağlı mesaj aydındır. Razılaşmalar rəqəmsal platformaların maliyyə hesabatı dövrünün sonunadək yekunlaşdırılmalıdır ki, həmin dövr üzrə öhdəliklərin yerinə yetirilməsi üçün istifadə olunsun”, - açıqlamada qeyd edilib.

Paylaş:
50

Son xəbərlər

Bütün xəbərlər