Meksikada polis idarəsinə bombalı avtomobillə hücum: 10 yaralı
Meksikanın Sakatekas ştatının Oxokaliente şəhərində polis idarəsinin yaxınlığında bombalı avtomobil partladılıb.
1news.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 2-si polis əməkdaşı olmaqla, 10 nəfər yaralanıb.
Səlahiyyətli şəxslərin məlumatına görə, yaralılardan ikisinin vəziyyəti ağırdır. Güclü partlayış nəticəsində ətrafdakı təxminən 40 bina və çoxsaylı avtomobilə ziyan dəyib.
Sakatekas Baş Prokuroru Kristian Paul Kamaço bildirib ki, ilkin araşdırmalara əsasən, hücumun bir gün əvvəl saxlanılan kartel üzvünə cavab olaraq “Jalisco Yeni Nəsil Karteli” tərəfindən törədildiyi ehtimal olunur.
Sakatekas qubernatoru David Monreal isə cinayətkar qrupların son dövrdə bombalı avtomobillər, partlayıcı daşıyan dronlar və minalardan istifadəsini artırdığını açıqlayıb. Ştatda ötən il 1 partlayıcı hücum qeydə alınsa da, bu il həmin göstərici 10-a yüksəlib.












