Naqif Həmzəyev: Laçında üçtərəfli zirvə regional geosiyasi dəyişikliklərin başlanğıcıdır | 1news.az | Xəbərlər
Siyasət

Naqif Həmzəyev: Laçında üçtərəfli zirvə regional geosiyasi dəyişikliklərin başlanğıcıdır

Qafar Ağayev16:21 - 29 / 05 / 2025
Naqif Həmzəyev: Laçında üçtərəfli zirvə regional geosiyasi dəyişikliklərin başlanğıcıdır

“30 il işğal altında qalmış Laçın şəhərində 28 may – Müstəqillik Günü münasibətilə keçirilən üçtərəfli Azərbaycan–Türkiyə–Pakistan zirvəsi regionda güc balansında yeni mərhələnin əsasını qoydu”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Deputat deyib ki, bu tədbir təkcə bayram xarakteri daşımır, həm də “yeni geosiyasi reallıqların və regional əməkdaşlıq modelinin xəbərçisidir”.

“Prezident İlham Əliyevin Laçında səsləndirdiyi fikirlər Azərbaycanın bölgədə qurmaq istədiyi yeni nizamın açıq ifadəsidir. Dövlət başçısının “107 il bundan əvvəl müsəlman aləmində ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır” sözləri bu tarixi dövrəyə işarə etməklə yanaşı, müasir regional birlik ideyasını da gücləndirir.

Naqif Həmzəyev üçtərəfli əməkdaşlığın bir sıra strateji nəticələrə yol aça biləcəyini vurğulayıb:

“Alternativ marşrutların yaradılması, Zəngəzur dəhlizi ilə çoxmodal nəqliyyat şəbəkəsinin formalaşması, Çin-Avropa ticarət yolunda yeni dinamikanın yaranması, enerji dəhlizlərinin genişləndirilməsi və Azərbaycanın Avrasiya nəqliyyat sistemində mövqeyinin möhkəmləndirilməsi bu prosesin əsas elementləridir”.

Naqif Həmzəyev

Deputat əlavə edib ki, Laçın Beynəlxalq Hava Limanının açılması yalnız infrastruktur deyil, eyni zamanda geosiyasi əhəmiyyət daşıyır: “Bu, Qafqaz, Mərkəzi Asiya və Cənubi Asiya arasında birbaşa hava əlaqəsinin qurulmasına imkan verir, azad edilmiş ərazilərin iqtisadi inteqrasiyasına, Azərbaycanın aviasiya xəritəsində mərkəzə çevrilməsinə və iqtisadi diplomatiyada üstünlük qazanmasına səbəb olur”.

O, həmçinin Prezident İlham Əliyevin “2023-cü ildə birgünlük antiterror əməliyyatı ilə dövlət suverenliyimizi tam bərpa etdik” sözlərinə istinad edərək qeyd edib ki, bu mesaj təkcə keçmişə dair qiymətləndirmə deyil, eyni zamanda regional separatizmin sonunun elanıdır.

“Bərpa olunan ərazilərdəki infrastruktur inqilabına diqqət çəkən deputat bildirib ki, artıq 43 min insan Şərqi Zəngəzur və Qarabağda yaşayır və çalışır, bölgədə məktəblər, xəstəxanalar, tunellər və hava limanları sürətlə inşa olunur.

Sonda Naqif Həmzəyev vurğulayıb ki, Laçın zirvəsi sadəcə diplomatik tədbir deyil, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsindən sonra formalaşan yeni regional düzənin rəsmi elanıdır: “Prezident İlham Əliyevin ‘Bizim gücümüz birliyimizdədir’ sözləri təkcə dostluğun ifadəsi deyil, həm də XXI əsrin regional güc mərkəzləri fəlsəfəsinin əsas tezisidir”.

Paylaş:
147

Son xəbərlər

Bütün xəbərlər